Avropa Parlamentinin sədr müavini həmkarını təhqir etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb


Dünya 07 Fev 2018 16:47:39 289 0

Avropa Parlamentinin sədr müavini həmkarını təhqir etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb

Bu prosedur Avropa Parlamentində ilk dəfə tətbiq olunur

Avropa Parlamentinin deputatları Strasburqda keçirilən plenar iclasda səs çoxluğu (447 lehinə, 196 əleyhinə - red.) ilə Assambleyanın sədr müavini olan polşalı Rışard Çarnetskini vəzifəsindən uzaqlaşdırıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb R.Çarnetskinin Avropa Parlamentindəki həmkarı, həmyerlisi Roza Tunu təhqir etməsi olub.

Belə ki, "Arte" alman-fransız telekanalının efirində R.Tun Polşanın hakim partiyasını demokratik prinsiplərdən uzaqlaşmaqda ittiham edib.

Bunun cavabında isə R.Çarnetski "niezalezna.pl" portalına müsahibəsində xanım R.Tunun ölkəsinə xəyanət etdiyini bildirib: "İkinci Dünya müharibəsi zamanı bizdə şmaltsovniklər var idi, bu gün isə Roza Tun var və təəssüf ki, onlar eyni tendensiyaya uyğun hərəkət edirlər".

Qeyd edək ki, "şmaltsovnik" (szmalcownik) İkinci Dünya müharibəsi zamanı faşistlərdən gizlənən yəhudiləri hədələyərək onlardan pul tələb edənlərə qoyulan addır.