Manata güvənənlər haqlı çıxırlar


Digərləri 06 Fev 2018 21:36:00 260 0

Manata güvənənlər haqlı çıxırlar

Millət vəkili: "Son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verilir"

"Əmanətlərin həcminin artmasının ən başlıca iki səbəbi olur - Əhalinin pul gəlirləri və banklara olan inamı. Yəni hər iki faktor əsas rol oynayır. Deməli, bu, ilk növbədə əhalinin pul gəlirlərinin artması deməkdir. 2017-ci ildə Azərbaycanda ümumilikdə əhalinin pul gəlirləri və banklara olan inamı artıb".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O bildirib ki, son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verildiyi müşahidə edilir: "Bu da ondan ibarətdir ki, artıq xeyli müddətdir manatın məzənnəsi stabilləşib. Manatla əhalinin vəsaitlərinin saxlanmasına artıq meyl artıb. Bu da banklarda aparılan islahatların, bank və maliyyə sistemindəki sağlamlaşma proseslərinin, digər tərəfdən struktur, qanunvericilikdə dəyişikliklərin nəticəsidir".

"Bütün bunların hamısı artıq banklara öz müsbət təsirini göstərib. Eyni zamanda, əmanətlərin sığortalanması da. Yəni dövlət tərəfindən atılan bu addımlar bir daha banklara olan inamı artırır" - deputat vurğulayıb.

Hüseynovun sözlərinə görə, devalvasiyadan qabaq da vətəndaşlar əmanətlərini daha çox manatda saxlayırdılar: "Dollara olan meyl devalvasiyadan sonra baş verib. Artıq proses də göstərdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və bizim valyuta ehtiyatlarımız artıb. Yəni manatın qorunma ehtimalı daha yüksəkdir. Onsuz da bütün əməliyyatlar manatla aparılır və əmanətlərin qoyuluşu prosesi də manatla həyata keçirilir və getdikcə bunun həcmi daha da artacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov da deyib ki, vətəndaşların əmanətlərinin manatla daha çox olması manatın alıcılıq qabiliyyətinin artdığını göstərir: "Bu, onu deməyə əsas verir ki, manat alıcılıq qabiliyyətini tədricən yüksəldib və əhalinin tələbatını ödəməyə başlayıb".

"ABŞ dollarına olan ehtiyacın azalmasının tərəfdarıyıq. Əgər Azərbaycanda ABŞ dollarına olan ehtiyacı azaltmaq istəyiriksə, biz ilk növbədə MDB ölkələri ilə ticarət əlaqələrini artırmalıyıq. Çünki bizim qiymət siyasətimiz eynidir, qiymətlərdə yaxınlıq var. Hətta ABŞ dolları ilə müqayisədə yaxın ölkələr ilə, yəni MDB ölkələri ilə ticarəti daha da genişləndirsək, ümumiyyətlə, dollara heç bir ehtiyacımız qalmayacaq. Bu, ən vacib məsələlərdən biridir" - Sadıqov diqqətə çatdırıb.

Professorun fikrincə, yaxın ölkələr ilə aparılan ticarət əlaqələri artdıqca dollara olan ehtiyacımız tamamilə azalacaq: "Qazaxıstan, Rusiya, Belarus ilə ticarət əlaqələrini artıraq ki, dollara ehtiyacımız qalmasın. Ümumiyyətlə, ABŞ dollarını sıxışdırıb iqtisadiyyatımızdan çıxarmaq lazımdır. Nə üçün qonşu ölkədən, Mahaçqaladan gələn malı dollar ilə almalıyam? Ona görə də vahid bir valyutaya keçmək lazımdır. Ya Azərbaycan manatına, ya Rusiya rubluna, ya Belarus rubluna, ya da Qazaxıstan təngəsinə. Bizə ABŞ dolları lazım deyil".