Abşeron Heydər Əliyev Mərkəzində Xalq Cümhuriyyətinə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 06 Fev 2018 20:18:03 305 0

Abşeron Heydər Əliyev Mərkəzində Xalq Cümhuriyyətinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Bakı. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilən tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universiteti Tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli rayon ictimaiyyəti ilə görüşüb. Tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Fondun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova iştirak ediblər. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub. T.Hüseynova qonaqları iştirakçılara təqdim edərək, 1918-1920-ci illər Azərbaycan tarixinin təbliği və təşviqinə böyük ehtiyac olduğunu deyib, Abşeron rəhbərliyinin maarifləndirici tədbirləri daim dəstəklədiyini, rayon ictimaiyyətinin belə tədbirlərdə yaxından iştirak etdiyini bildirib. Bilik Fondunun aparat rəhbəri İ.Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığını konkret hüquqi sənədlərə əsaslanaraq diqqətə çatdırıb. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunduğunu xatırladan İ.Vəliyev xalqın seçkidə mütəşəkkillik göstərəcəyinə, müstəqil dövlətin maraqlarını daim qoruyacağına əminliyini bildirib.