Yaxşı rəhbər necə olmalıdır?


Digərləri 05 Fev 2018 23:36:00 865 0

Yaxşı rəhbər necə olmalıdır?

Saleh Həsənov: "Ən çətin anda pozitiv olmağı bacarmalı və ən əsası da, komandanı idarəetmə prosesində ədalətlilik prinsipinə riayət etməlidir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İş mühitində ən çox önəm verilən məsələlərdən biri də münasibətlərdir. Xüsusilə də, işçi və rəhbər arasında olan münasibətlər işin gedişinə təsir göstərir. Hərdən ətrafımızda rəhbərlə yola gedə bilmədiyi üçün işdən ayrıldığını bildirən dostlarımız olur. Bəzən görürük ki, insanlar rəhbərlərinin yaxşı olmadığından, işçilər arasında fərq qoymağından şikayətlənirlər. Bu zaman sual yaranır ki, bəs yaxşı rəhbər necə olmalıdır? İşçilərlə münasibətdə hansı nüanslara diqqət etməlidir?

Bu mövzuda həmsöhbətimiz "Mazarina" MMC-nin İnsan Resursları üzrə meneceri, Beynəlxalq Əmək Təşkilatının təlimçisi Saleh Həsənovdur.

Saleh Həsənov deyir ki, rəhbər, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir: "Yaxşı müdir rəhbərlik etdiyi sahə haqqında müfəssəl bilgilərə, insanlarla ünsiyyətdə xüsusi yanaşmaya sahib olmalı və psixologiyanı bilməlidir. Çətin situasiyalarda sürətli, çevik qərar vermə qabiliyyətinə malik olmaqla yanaşı, həmçinin, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir. Tapşırıq və ünsiyyət zamanı işçilərlə empati (özünü başqasının yerində hiss etmə) hissini qorumalıdır. Ən çətin anda pozitiv olmağı bacarmalı və ən əsası da, komandanı idarəetmə prosesində ədalətlilik prinsipinə riayət etməlidir".