Tanınmış azərbaycanlı plastik cərrah: "Dedi, kişiyəm, qadın olmaq istəyirəm"


Digərləri 02 Fev 2018 22:20:00 355 0

Tanınmış azərbaycanlı plastik cərrah: "Dedi, kişiyəm, qadın olmaq istəyirəm"

Son.az Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı, tibb üzrə elmlər doktoru, professor Vaqif Qələndərin ailem.az-a müsahibəsini təqdim edir.

- Vaqif həkim, bu yaxınlarda sizin metodikanız Amerikada nüfuzlu bir universitetin dərsliyinə salınıb. Bu həm siz, həm də Azərbaycan tibbi üçün böyük bir uğurdur.

- Bəli, Florida Tibb Kolleci Universitetinin dosenti, çənə-üz cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu "Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər Praktiki yanaşma" dərsliyində mənə məxsus xüsusi metodika ayrıca fəsil kimi salınıb. Dərsliyin 20-ci fəslinə Vaqif Qələndərin yaratdığı "Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri" adlı bölmə salınıb. Burada mənim yaratdığım və neçə illərdir tətbiq etdiyim xüsusi metodikadan bəhs olunur.

Bu metod 1999-cu ildə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan məhkəmə tibbi ekspertizasının morqunda insan meyitləri üzərində aparılan araşdırmalardan sonra öz təsdiqini taparaq, canlı insanlarda tətbiq edilmişdir. Süd vəzinin və döş qəfəsi toxumalarının yenidən bərpası üçün yeni yanaşma ortaya qoyan metodikadır. 1999-cu il sentyabrın 29-da Quş adasında keçirilən Ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək, beynəlxalq mükafat və diploma layiq görülüb. Amerikada bir jurnalda sənin məqalənin çıxması üçün illər lazımdır ki, onu göndərəsən, qəbul edələr. Amma bunlar heç məndən xəbərsiz bu metodikanı götürüb dərsliyə salıblar.

- Bu xəbəri ilk eşitdiyinizdə reaksiyanız necə oldu?

- Mənim üçün bu xəbər böyük sürpriz oldu. Həmin gün mənə Türkiyədən mesajlar gəlib, professorlar məni təbrik ediblər. Çox təəccübləndim ki, görəsən xeyirdirmi, bunlar məni niyə təbrik edir? Ad günüm deyil... Demə, kitab internetdə yayımlanıb və onlar mənim metodikamı orada görüblər. Mənim isə hələ də xəbərim yox idi. Doğrudan da çox sevindim. Çünki hər yerdə Azərbaycan səhiyyəsi hələ inkişaf etməyib kimi suallar səsləndirirdilər. Bu kitab bütün dünyada satılacaq və həkimlərin stolüstü kitabıdır. Mən elmlər doktoruyam, professoram, amma heç bir şey məni bu qədər sevindirməmişdi. Qopmuş qolun replantasiyasını həyata keçirmişəm, hətta o da məni bu qədər sevindirməyib. Çünki dünyanın qəbul etdiyi beynəlxalq rekonstruktiv plastik cərrahiyyə kitabına sənin metodikanın salınması artıq tarixdir və Azərbaycan səhiyyəsinin uğurudur.

- Bilirik ki, Azərbaycanda plastik cərrahiyyə üzrə ixtisas alan ilk həkimlərdənsiniz. Hətta o zaman Azərbaycanda bu ixtisas hələ mövcud deyildi və aradan keçən az bir müddətdə artıq dünyada bu sahədə öz sözünüzü deməyi bacardınız...

- Bəli, biz ilklər idik. O zaman Tibb Universiteti ilə İstanbul Universiteti arasında imzalanan müqavilə əsasən, Azərbaycanda olmayan ixtisaslar üzrə orada mütəxəssislər hazırlanıb gəlməliydi. Universitetin qabaqcıl tələbələri arasında xüsusi imtahan keçirildi və 10 nəfər seçildi. 4-cü kursdan Türkiyəyə getdik. Universiteti bitirdikdən sonra da  ixtisasına yiyələnmək üçün orada qaldıq. Hərə bir ixtisas seçdi. Vasif İsmayıl urologiyanı, Kamran Musayev ürək damar cərrahiyyəsini, Rasim Bayramov radiologiyanı, Cəfər Nəsirli travmatologiyanı, mən plastik cərrahiyyəni və s.

- Yuxarıda qeyd etdiniz ki, qopmuş qolu yenidən bədənə replantasiya etmisiniz. Bu necə olmuşdu?

- Bəli, iki nəfərin qolunu yerinə replantasiya etmişəm. Birini Türkiyədə, birini də burada və hər ikisi də Türkiyə vətəndaşı olub. 1999-cu ildə Türkiyədə bir pasiyentin qolu qopmuşdu. Mən onu yerinə replantasiya etdim. Həmin xəstəni bir neçə yerə aparmışdılar, amma heç kim əməliyyat etməmişdi. Mən onun qolunu yerinə bərpa etdim və məni də dünyada tanıdan həmin əməliyyat oldu. Biri isə 2004-cü ildə Azərbaycanda oldu. Əməliyyatı Travmatologiya İnstitutunda həyata keçirdim. Türkiyə səfirliyində işləyən türk vətəndaşı idi. Rayondan gələndə yol qəzasına düşmüşdü və qolu qopmuşdu. Onun da qolunu yerinə replantasiya etdim. Həmin əməliyyatların hər ikisini də pulsuz həyata keçirmişdim.

- Hazırda ölkədə plastik əməliyyat bumu yaranıb. Hər kəs burnunu əməliyyatı etdirir, xüsusilə də qızlar. Mübaliğəsiz demək olar ki, təbii burunlu qızlar şəhərdə barmaqla sayılacaq qədərdir...

- Bəli, bizə də bununla bağlı çoxlu müraciətlər olur, amma haqlı olanları əməliyyat edirik. Eləsi var ki, burnunda nəfəsalma problemi var, ya yıxılıb burun sümüyü əyilib, kosmetik görüntüsü də yaxşı deyil. Bir toya, xeyir işə gedirsən, cəmiyyət içərisinə çıxırsan. Əyri burunu nə qədər makiyajla gizlədəsən?! Artıq plastik cərrahiyyə çox incə, estetik təfəkkürü olan bir rəssam, cərrah kimi həyata keçirilir. Məsələn, mən əvvəllər rəssam olmaq istəyirdim. Oxuduğum məktəbdə müəllimlər otağının hamısında yazıçı və şairlərin portretlərini mən yaratmışdım. Sevirdim rəssamlığı. Bu, məni plastik cərrahiyyəyə gətirib çıxardı. Rəssamlığı burda da tətbiq etdim. Bir yerə gedəndə insan özünə əl gəzdirir, saçını, üzünü bəzəyir. Bütün bunlara bir saat vaxt gedir. Bir burun əməliyyatı da 45 dəqiqə çəkir. Tutaq ki, üzdə hansısa bir deffekt var. Cərrahiyyə elə inkişaf edib ki, hər gün mənfi emosiya ilə oyanmaqdansa, həmin problemlərdən qurtulmaq mümkündür. Əgər bu yol varsa, nədən olmasın? Amma bir də görürsən heç bir problemi yoxdur, burnu da gözəldir, sifəti də. Əlində tutduğu jurnaldan şəkil göstərir ki, məni ona oxşat. Deyirik, üz quruluşunuz, cizgiləriniz elədir ki, dəyişmək olmaz. Dəyişsək, üzünüzün quruluşu pozular. Beləsini əməliyyat etmirik. Amma doğrudan da yıxılıb, travma alıb, bir qüsuru var, genetik olaraq atasının, babasının burnu yekədir deyə qızın da burnu yekədirsə və bunu da 45 dəqiqəyə düzəltmək mümkündürsə, niyə eləməyək? O vaxtı deyirdilər ki, plastik əməliyyat etdirmək dini-nöqteyi nəzərdən düzgün deyil. Amma bunlar yanlış fikirlərdir. Bir pasiyentim vardı. Əmiuşağı idilər və nişanlanmışdılar. Qız yol qəzasına düşəndən sonra sifət sümüyü çökmüşdü, eybəcərləşmişdi. Oğlan almırdı onu. Qızı əməliyyat etdim və evləndilər.

- Olubmu ki, kiminsə görünüşünü dəyişmisiz, amma bəyənməyib?

- Xeyr, elə bir şey olmayıb. Çünki biz əvvəlcədən izah edirik necə olacaq, şiş neçə vaxtdan sonra çəkiləcək. Yüz xəstədən bir-ikisi deyir ki, mən elə gözləyirdim, belə oldu. Onu başa salırıq ki, aylar sonra yerini alacaq. Şişi çəkiləcək, sümük çəkilməlidir, formalaşmalıdır. Ondan sonra razı qalırlar. Çox az xəstə razılaşmır. Burada psixoloji faktor da rol oynayır.

- Tanınmışlar, siyasətçilər arasında sizə müraciət edənləri var?