"Təhlükəsiz şəhər" Xidmətinin keçmiş operatorunun şikayətinə baxıldı


Digərləri 02 Fev 2018 15:54:00 298 0

"Təhlükəsiz şəhər" Xidmətinin keçmiş operatorunun şikayətinə baxıldı

Bu gün Ali Məhkəmədə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Nizami rayon Polis İdarəsinin polis nəfəri, "Təhlükəsiz şəhər" Xidmətinin operatoru işləmiş Elçin Həsənovun kasasiya şikayətinə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Elçin Həsənovun şikayəti qismən təmin edilib və onun cəzası 3 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Həsənov 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilib.

Vəli Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), Hüseyn Salmanov və Elçin Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Fərid Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq istintaq dövründə Fərid Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.