Bakıda gömrük və logistika üzrə beynəlxalq konfrans keçiriləcək


Digərləri 01 Fev 2018 15:26:00 233 0

Bakıda gömrük və logistika üzrə beynəlxalq konfrans keçiriləcək

Fevralın 1-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti Zoltan Reszekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə gömrük sistemindəki son yeniliklərdən danışan A.Əliyev bildirib ki, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.

Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektləri ilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri DHL Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib. Ötən il DHL Azərbaycan nümayəndəliyi əməkdaşlarının gömrük sahəsindəki biliklərinin artırılması üçün təşkil edilən təlimi nümunə göstərən A.Əliyev qarşılıqlı işgüzar münasibətlərin inkişafının vacibliyini diqqətə çatdırıb, eyni zamanda, cari ilin 2-4 may tarixlərində Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il Assambleyası və Konfransına DHL şirkətinin nümayəndələrinin də qatılacağına ümidvar olduğunu bildirib.

DHL şirkətinin məhsul və əməliyyatlar üzrə vitse-prezidenti səmimi qəbula görə təşəkkürünü bildirib. Ötən il Dövlət Gömrük Komitəsi tərəfindən DHL Azərbaycan nümayəndəliyi əməkdaşlarının gömrük sahəsindəki biliklərinin artırılması məqsədilə təşkil edilən təlimə görə də minnətdarlığını ifadə edən Z.Reszek təlimin şirkət əməkdaşları üçün faydalarından məmnunluqla bəhs edib. DHL rəsmisi Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il Assambleyası və Konfransında təmsil etdiyi qurum əməkdaşlarının iştirak edəcəyini bildirib, eyni zamanda, bu ilin yayında Mingəçevir şəhərində təşkil olunacaq "Qlobal ticarətin avtomatlaşdırılması: gömrük xidmətində qərarların qəbul edilməsində "əşyaların interneti" və "böyük həcmli verilənlərin təhlili" mövzusunda ənənəvi konfransda fəaliyyət sahələri barədə təqdimatla çıxış etmək istəklərini dilə gətirib.