Bilik Fondu ilə Ukraynanın Azərbaycandakı səfirliyi arasında memorandum imzalanıb


Digərləri 31 Yan 2018 13:26:17 172 0

Bilik Fondu ilə Ukraynanın Azərbaycandakı səfirliyi arasında memorandum imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Fondun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfirlikdə keçirilən mərasimdə memorandumu Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Ukraynanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişenko imzalayıblar. O.Səmədov sənəddə əksini tapan prioritet istiqamətləri diqqətə çatdıraraq bildirib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində iki xalqın tarixi və mədəniyyəti, sosial və iqtisadi həyatı barədə informasiya mübadiləsi həyata keçiriləcək, alimlər mühazirələ və təlimlərə cəlb olunacaqlar, ali məktəblərlə əməkdaşlıq intensiv şəkil alacaq, idman yarışları və intellektual müsabiqələr, beynəlxalq konfranslar və seminarlar təşkil olunacaq, milli bayramlara və əlamətdar tarixi günlərə həsr olunan tədbirlər hazırlanacaq, səfirliyin nümayəndələri Fondun nəzdində fəaliyyət göstərən klublarda görüşlərə qatılacaqlar, səfirlikdə gənc jurnalistlər üçün "Açıq qapı" günü keçiriləcək. Bilik Fondunun icraçı direktoru tədbirlərin birgə təşkili və yüksək səviyyədə keçirilməsi məqsədilə tərəflərin təkliflər mübadiləsi aparmasının məqsədəuyğun olduğunu vurğulayıb.