Vətəndaşların sosial rifahı Prezident İlham Əliyevin diqqətindədir


Digərləri 30 Yan 2018 11:23:00 265 0

Vətəndaşların sosial rifahı Prezident İlham Əliyevin diqqətindədir

Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı sosial-iqtisadi problemlərin həlli və bu sahədə yeni layihələrin icrası ilə bağlı bir sıra mühüm məsələlərə toxunub.

Dövlət başçısı həmişə olduğu kimi, ölkədə əhalinin məşğulluğu ilə bağlı ciddi layihələr həyata keçiriləcəyini açıqlayıb. O qeyd edib ki, ölkədə özünüməşğulluq proqramı daha böyük həcmdə icra ediləcək: "Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək".

Prezident, eyni zamanda, "Ailə Biznesinə Asan Dəstək" (ABAD) layihəsinin sürətli inkişaf edəcəyini bildirib və sahibkarları bu sahəyə diqqət göstərməyə çağırıb: "ABAD"la bağlı bildirməliyəm ki, dövlət, əlbəttə ki, öz üzərinə bu funksiyanı götürüb. Amma hesab edirəm ki, böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar. Mən həm dövlət, həm özəl şirkətlərə müraciət edərək onları bu işlərə dəvət etmək istəyirəm. Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm".

Yeri gəlmişkən, İlham Əliyev ölkədə sahibkarlığa yaradılan şəraitdən danışaraq dövlətin iş adamlarına həm siyasi, həm də maliyyə dəstəyi göstərdiyini, onlara 2 milyard manatdan çox güzəştli kreditlər verildiyini bildirərək, bunun qarşılığında onlardan sosial məsuliyyət tələb edib: "Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir".

Turizmlə bağlı məsələlərə toxunan İ.Əliyev hesab edir ki, bu sektorun inkişafına daha çox diqqət ayrılmalı, xüsusən bölgələrdə yeni otellər tikilməlidir: "Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir".

Dövlət baçşısının fikrincə, ölkədə daha çox iqtisadi inkişafa və sosial rifaha nail olunması üçün yerli icra orqanlarını daha fəal olmalı, müstəqil şəkildə bölgələrə sərmayə cəlb etməlidirlər: "Dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər".