Portuqaliyalı deputat məcburi köçkünlərlə görüşüb


Digərləri 30 Yan 2018 10:53:00 180 0

Portuqaliyalı deputat məcburi köçkünlərlə görüşüb

Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko məcburi köçkünlərlə görüşüb.

Bakı. Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko məcburi köçkünlərlə görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) Trend-ə verilən məlumata görə, ölkəmizdə səfərdə olan D.Paçeko Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qonağın diqqətinə həmçinin çatdırılıb ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur. Eyni zamanda qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasından əldə olunan ilk vəsait bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.