Aydın Əliyev: Zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdiriləcək (MÜSAHİBƏ)


Digərləri 30 Yan 2018 08:01:00 231 0

Aydın Əliyev: Zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdiriləcək (MÜSAHİBƏ)

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin TREND İnformasiya Agentliyinə müsahibəsi

Bakı. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin TREND İnformasiya Agentliyinə müsahibəsi - 2018-ci ilin əvvəlində Azərbaycanda gömrük rüsumlarının yeni sistemi qüvvəyə minib. Fikrinizcə, bu sistemin tətbiqi daxili istehsala, eləcə də gömrük daxilolmalarına nə cür təsir göstərəcək? - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyası son illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilməklə ölkəmizin iqtisadi inkişafı olduqca sürətlənmiş, regionların və sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılmış, qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, əhalinin gəlirlərinin artmasında və yoxsulluğun səviyyəsinin azaldılmasında çox böyük irəliləyişlər əldə edilmişdir. Qlobal maliyyə-iqtisadi böhran şəraitində bazar münasibətlərini və hər bir ölkənin iqtisadi təhlükəsizliyini qorumaq və ümummilli maraqları müdafiə etmək dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Bu baxımdan Azərbaycan dövləti bu vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. İqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti vasitəsilə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi məqsədilə gömrük-tarif tənzimlənməsi düzgün həyata keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasında istehsal sahələrinin şaxələndirilməsi, ağır sənaye və maşınqayırmanın inkişafı, yeni istehsal sahələrinin yaradılması, xarici bazarlara ixracyönümlü məhsulların çıxarılmasını təmin etmək və ixracı stimullaşdırmaq məqsədilə gömrük tariflərinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq, 01 yanvar 2018-ci il tarixindən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli, 500 nömrəli Qərarı qüvvəyə minmişdir. Həmin Qərarla tətbiq edilən gömrük rüsumlarının dərəcələri 7 pilləli sistemdən yeni üç pillədən (0%, 5%,15%) ibarət tarif sisteminə keçirilmişdir. Qeyd edim ki, yeni tarif sisteminin hazırlanması zamanı heç də gömrük tariflərinin qaldırılması - proteksionist gömrük siyasəti başlıca vəzifə kimi qarşıya qoyulmamışdır. Yəni, əsas məsələ tariflərin yalnız büdcə mədaxilini təmin etmək funksiyasını deyil, eyni zamanda, daxili istehsalı tənzimləmək funksiyasının da reallaşdırılmasına nail olmaq idi. Fikrimizcə, ölkədə bunu kifayət qədər təmin etmək mümkün olmuşdur. Düşünürəm ki, yeni gömrük-tarif sisteminin tətbiqi ölkədə qeyri-neft sektorunun inkişafına lazımi dəstək verəcək və yerli istehsal sahələrinin genişləndirilməsinə əlverişli şərait yaradacaqdır. Yeni gömrük-tarif sisteminin hazırlanması zamanı istehsalda istifadə olunan, istehsalı olmayan xammal və materiallar üzrə gömrük idxal rüsumlarının dərəcələri “0” faizə, kifayət qədər istehsalı olmayan mallar üzrə gömrük idxal rüsum dərəcələri isə 15 və 10 faizdən 5 faizə endirilmişdir. Bununla yanaşı, bildirmək istəyirəm ki, ölkədə istehsal potensialı olan məhsullara maksimum gömrük idxal rüsumları müəyyənləşdirilmiş, bir sıra həssas məhsullar üzrə isə gömrük rüsum dərəcələri spesifik rüsumlar formasında saxlanılmışdır. Gömrük daxilolmalarına gəlincə, bildirirəm ki, gömrük-tarif sisteminin təkmilləşdirilməsi büdcə daxilolmalarına əhəmiyyətli dərəcədə təsir etməyəcək və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Qanunla təsdiq edilmiş 2 mlrd. 430 mln. manat məbləğində illik büdcə proqnozunun yerinə yetirilməsi təmin ediləcəkdir. - Dövlət Gömrük Komitəsi daxili istehsalın qorunması üçün gələcəkdə hansı tədbirləri planlaşdırır? Bu il gömrük rüsumlarının dəyişdirilməsi planlaşdırılırmı? - Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-ci il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrinin hədəfləri üzrə müəyyənləşdirilmiş məqsədlərə nail olduqca, rəqabətə davamlı sektorlar yaradılacaq və inkişaf etdiriləcəkdir. Kənd təsərrüfatı, ağır sənaye və maşınqayırma sektorlarında vertikal inteqrasiya yanaşmasının tətbiqi gəlirlərin artırılmasından idxaldan asılılığın azaldılmasına qədər bir çox iqtisadi faydalarla nəticələnəcəkdir. Həm yerli tələbatın ödənilməsi, həm də regional baxımdan potensialı olan mal və materialların istehsalı artırılacaqdır. Bununla yanaşı, qeyd edim ki, Azərbaycan Respublikasında daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixracyönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. - Bu il qonşu ölkələrlə gömrük prosedurlarının sadələşdirilməsi planlaşdırılırmı? Sərhəddə gömrük nəzarətinin sadələşdirilməsi üzrə yeni danışıqlar aparılırmı? - Avropa İttifaqının İnteqrəedilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Paneli çərçivəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək” layihəsinin Gürcüstanla birgə tətbiqinə 2016-cı ildən başlanılmışdır. Qeyd olunan layihə daşımaların təhlükəsizliyinin təmin edilməsi, mal və nəqliyyat vasitələrinin axınının tənzimlənməsi sahəsində Dövlət Gömrük Komitəsinin perspektiv planlarının göstəricisidir. Layihə üzrə tikintisi başa çatdırılması nəzərdə tutulan Ticarətin Asanlaşdırılması Mərkəzi ("Trade Facilitation Unit") sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirilməsinə yardım edəcək, fitosanitar, sanitar və gömrük nəzarətinin sərhəd keçid məntəqəsindən kənarda, terminal ərazisində aparılmasına əlverişli imkanlar yaradacaqdır. Ərazidə tikiləcək yükboşaltma yerləri, məhsulların saxlanması üçün saxlanc anbarları və nəqliyyat vasitələri üçün dayanacaq imkanları, həmçinin xüsusi rentgen qurğuları gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesinin daha səmərəli həyata keçirilməsinə münbit şəraitin yaradılmasını təmin edəcəkdir. Azərbaycan Respublikası və Gürcüstan arasında Sadıxlı-Mtkvari dövlət sərhədinin buraxılış məntəqəsinin yaxınlığında yeni buraxılış məntəqəsinin tikilməsi Gürcüstanla razılaşdırılmışdır. Eyni zamanda, inşa edilməsi nəzərdə tutulan gömrük-sərhəd buraxılış məntəqəsinin dəqiq koordinatlarının Gürcüstanla razılaşdırılması üçün müraciət edilmişdir. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli, 2677 nömrəli Sərəncamının müddəalarına uyğun olaraq, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən mühüm işlər həyata keçirilmişdir. Rusiya Federasiyası ərazisinə pomidor məhsullarının ixracında yaranan məsələlərin müzakirəsi ilə bağlı Rusiya Federasiyası Federal Gömrük Xidmətinin və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Rusiya Federal Xidmətinin səlahiyyətli nümayəndə heyətilə 2017-ci il 5-7 aprel tarixlərində Dövlət Gömrük Komitəsinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi görüş keçirilmişdir. Görüş zamanı qarşı tərəflə Azərbaycan Respublikasından ixrac olunan pomidor məhsullarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi, ortaya çıxan çətinliklərin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur. Rusiya Federasiyasının nümayəndə heyəti Azərbaycan Republikasından Rusiya Federasiyasına pomidor məhsullarının istehsalını və ixracını həyata keçirən müəssisələrin nümayəndələri ilə görüşlər keçirmiş və həmin müəssisələrin istehsal prosesi ilə yaxından tanış olmuşlar. Keçirilən işçi görüşün nəticəsi üzrə Rusiya Federasiyası Gömrük Xidmətinə Dövlət Gömrük Komitəsi tərəfindən məktub ünvanlanmışdır. Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə pomidor məhsullarının ixracında yaranan məsələlərin müzakirəsi məqsədilə ötən ilin 5 may tarixində ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində pomidor istehsalçıları və ixracatçıları ilə Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli, 1608 saylı Sərəncamının icrası istiqamətində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dəmir yollarının birləşdirilməsi layihəsinə dair dəmir yolu xətləri vasitəsilə daşınan yüklərə gömrük nəzarətinin aparılması, müvafiq təhlükəsizlik tədbirlərinin gömrük orqanları tərəfindən təmin edilməsi məqsədilə müvafiq işlərin həyata keçirilməsi davam etdirilir. İlk növbədə, Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstanla dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədilə xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilmiş, gömrük nəzarəti zonalarında vətəndaşlar üçün sürətli keçidə şərait yaradan “Yaşıl dəhliz” (“Green channel”) mexanizminin səmərəliliyinin daha da artırılması məqsədilə müvafiq işlər görülmüş, həmin yerlərdə zəruri istiqamətverici işarələnmələr aparılmış və bu növ texnologiyalardan ölkə ərazisini tərk etmə zamanında da istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, gömrük-sərhəd buraxılış məntəqələrində bəyanetmə prosesinin sürətləndirilməsi məqsədilə elektron bəyanetmə və istismarda olan “elektron köşklər”dən istifadə edilməsi işi daha da genişləndirilmiş, gömrük qaydaları haqqında məlumatlar elektron və yazılı formada lövhələrdə yerləşdirilmiş, vətəndaşların maarifləndirilməsi üçün mövcud qanunvericilik aktlarından çıxarışları özündə əks etdirən “Gömrük məlumat kitabçası” (səyahətçilər üçün) hazırlanmış, həmin kitabçalar Azərbaycan, ingilis və ərəb dillərinə tərcümə edilərək Dövlət Gömrük Komitəsinin internet səhifəsində yerləşdirilmiş və kitabçaların mətbəə üsulu ilə çap edilərək istifadə olunması “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə, Beynəlxalq Hava Limanına və sərhəd-gömrük buraxılış məntəqələrinə göndərilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və qarşılıqlı fəaliyyət əsasında əlaqələndirmə işlərinin daha da təkmilləşdirilməsi üçün “Dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi ilə bağlı hərəkət zolaqlarının müəyyən edilməsi və hərəkət axınının idarə edilməsi üzrə Texnoloji Sxem” hazırlanmış, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətilə razılaşdırılaraq müvafiq qaydada xidməti istifadəyə yönləndirilmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrində iş saatları artırılmış və keçid məntəqələrinin iş rejiminin 24 saata qədər artırılması ilə bağlı aidiyyəti işlər həyata keçirilir. Eyni zamanda, xarici dövlətlərdə daimi qeydiyyatda olan yüngül avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının), habelə motosikllərin əcnəbilər, o cümlədən Azərbaycan Respublikasına səfər edən turistlər tərəfindən müvafiq təsdiqedici sənədlə 90 gün müddətinədək gömrük orqanının depozit hesabına pul vəsaiti qoyulmadan gömrük ərazisinə müvəqqəti gətirilməsinə icazə verilir. - Ötən il Azərbaycanın ixracı əhəmiyyətli dərəcədə artıb, idxalın artım tempi isə azalıb. İdxalın artım tempinin azalması tendensiyası davam edəcəkmi? - Qeyd etmək lazımdır ki, yerli istehsalın qorunması və ixracın təşviq edilməsi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan bir sıra fərman və sərəncamlar əsas verir ki, sahibkarlar ölkədə rəqabətə davamlı və beynəlxalq standartlara cavab verən yerli məhsullar istehsal etsinlər. Bu baxımdan, Strateji Yol Xəritələrində nəzərdə tutulmuş məqsədlərə nail olduqca, daxili bazar qorunacaq, ölkədə ixracyönümlü məhsulların xarici bazara çıxışı təmin ediləcək, ölkədə kifayət qədər istehsalı olmayan malların istehsalına əlverişli şərait yaradılacaqdır. Bu da, öz növbəsində, idxaldan asılılığı minimuma endirəcəkdir. - Azərbaycanın bir sıra dövlət qurumları müxtəlif əməliyyatların keçirilməsi üçün xərcləri və vaxtı azaltmağa imkan verən “blokçeyn” texnologiyasını aktiv şəkildə öyrənməyə başlayıb. Dövlət Gömrük Komitəsi bu texnologiyanı öyrənirmi və onun gömrük nəzarətində tətbiqi planlaşdırılırmı? - Dövlət Gömrük Komitəsi müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir.