Qara şam: yarpağı da dərmandır, qabığı da...


Digərləri 29 Yan 2018 21:49:21 549 3

Qara şam: yarpağı da dərmandır, qabığı da...

Uzunömürlü ağac sayılan şam 100 ildən 1000 ilə qədər yaşayır. Ağacın hündürlüyü 15-20 metrə çatır və bütün növ torpaqlarda bitir. Şam ağacı ilk dəfə 20-25 yaşında "çiçəkləyir" və çiçək tozları sarı rəngə çalır. Havada uçuşan çiçək tozları çiçəklərə toxunanda mayalanma baş verir, toxumlar əmələ gəlir. Bir il sonra yetişmiş qozalar açılır, toxumlar yerə tökülür, qozalar isə quruyandan sonra ağacdan düşür. Toxumlar qanadlı olduğuna görə küləklə hər tərəfə yayılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanda şam ağacının dörd növü bitir. Bunlardan ən qiymətlisi qara şamdır. Qara şam ağacının oduncağı illər boyu suyun içində qalsa da çürümür. İtaliyanın Venesiya şəhərinin sualtı hissəsi Uraldan gətirilmiş qara şam ağacının oduncağından hazırlanmış dirəklər üzərində dayanıb. Dirəklər 1,5 min il ərzində nəinki çürüməyib, hətta elə bil kristallaşıb.

Müalicə məqsədilə qara şamın qabıq, gövdə, yarpaq və qozalarından istifadə edilir. Şam ağacının gövdəsi və qabıqları A və C vitaminləri, iynəyarpaqları isə efir yağları ilə zəngindir. Ağacın gövdəsini yaranda efir yağları ilə zəngin qatı qətran xaric olur və həmin qətran xalq təbabətində yarasağaldıcı vasitə kimi istifadə edilir.