Türk Ordusu Afrində yerli istehsal olan silah və texnikalardan istifadə edir FOTOLAR


Digərləri 29 Yan 2018 19:25:00 291 0

Türk Ordusu Afrində yerli istehsal olan silah və texnikalardan istifadə edir  FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də Suriyanın Afrin rayonu ərazisində PKK, KCK, PYD, YPG və İŞİD terrorçularına  qarşı başlatdığı "Zeytun Budağı" əməliyyatı artıq 9 gündür dava edir.

Son.az AzeriDefence-yə istinadla bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 28-də axşam saatlarınadək Afrində 557 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Ötən gün Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun bölmələri tərəfindən regionda taktik əhəmiyyətə malik Barşah (Burseya) dağı terrorçulardan təmizlənib.

Əməliyyatların gedişatını əks etdirən video və fotolardan göründüyü qədər Türkiyə Silahlı Qüvvələri döyüşlərdə milli istehsal olan silah, texnika, müxtəlif hərbi təyinatlı vasitələrdən geniş istifadə edir.

"AzeriDefence" sosial şəbəkələrdə və xəbər saytlarında araşdırma apararaq, Türkiyə Silahlı Qüvvələrinin Afrin döyüşlərində praktiki olaraq istifadə elədiyi silah və texnikaların bəzilərini təqdim edir.

T-155 "Fıırtına" özüyeriyən haubitsa. Bundan əvvəl də Suriyadan Türkiyəyə atəş açan İŞİD terrorçularının mövqelərinin vurulmasında istifadə olunub. Cənubi Koreyanın lisenziyası ilə MKE şirkəti tərəfindən təkmilləşdirilərək istehsal olunur. 5 heyətə malik Fırtınanın uzunluğu 12 metr, eni 3,5 metr, çəkisi 47 ton, sürəti 66 km/saatdır. Türkiyə Silahlı Qüvvələrinin inventarında olan Fırtınalar MTU-881 KA 500 dizel mühərriki ilə təchiz edilib. Sistemin silahlanmasına 155 mm-lik L-52 topu və 12.7 mm çaplı pulemyot daxildir. Haubitsanın atış-kontrol sistemi ASELSAN tərəfindən hazırlanıb. Artilleriya sistemi 45 km məsafədəki hədəflərə qarşı effektiv tətbiq edilə bilir.

T-122 "Sakarya" yaylım atəşli reaktiv sistem. Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilir. 40 km-dən çox atış uzaqlığına malikdir. "Sakarya" Türkiyə ilə yanaşı Azərbaycan və BƏƏ ordularının silahlanmasında yer alır. Bundan əvvəl "Fərat Qalxanı" əməliyyatında və 2016-cı ilin aprel ayında Azərbaycanda istifadə olunub. "Sakarya" bu gün dünyada öz sinfində ən yaxşı YARS-lardan hesab olunur. Qeyd edək ki, hazırda ROKETSAN şirkəti bu sistemdən atış üçün TRG-122 adı verilmiş idarəolunan reaktiv mərmilərin yaradılması üzərində işləyir.

KORAL Mobil Radioelektron Mübarizə Sistemi. 2016-cı ilin dekabr ayında Türkiyə Ordusunun silahlanmasına qəbul edilmiş KORAL Mobil Radioelektron Mübarizə Sistemi bundan əvvəl "Fərat Qalxanı" əməliyyatında istifadə olunub. ASELSAN şirkətinin istehsalı olan KORAL hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bununla yanaşı hədəf radarları qarışdırıb aldataraq onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi hədəf ölkələrin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.

T-129 ATAK zərbə helikopteri. 2015-ci ildən Türkiyənin silahlanmasına daxil olan T-129 ATAK helikopteri TUSAŞ (TAİ) şirkəti tərəfindən istehsal edilir. Afrin döyüşləri helikopterin ilk sərhəddənkənar döyüşüdür. Türkiyə mediasında yer alan bəzi məlumatlara görə, helikopter bundan əvvəl daxili təhlükəsizlik əməliyyatlarında istifadə olunub. Afrin yaxınlığındakı terroçulara məxsus hədəflərin vurulmasında helikopterin 20 mm-lik topdan və "Cirit" idarəolunan raketlərdən atəş açdığı bildirilir.

TB-2 "Bayraqdar" PUA. "Baykar Makina" şirkəti tərəfindən istehsal edilən TB2 "Bayraqdar" PUA-nın silahlı versiyası terrorçuların mövqelərinin vurulmasında istifadə olunur. Bundan əvvəl adıçəkilən PUA "Fərat Qalxanı" əməliyyatında istifadə edilib. Havada 24 saat qalan PUA-nın rabitə məsafəsi 150 km-dən çox, sürəti 70 mil, əməliyyat hündürlüyü 24000 futdur. Afrində terrorçuların vurulmasında PUA ROKETSAN şirkətinin istehsalı olan 8 km mənzilə sahib MAM-L raketlərindən istifadə edib. Qeyd edək ki, ROKETSAN-nın PUA-lar üçün istehsal etdiyi MAM-L və MAM-C raketlərinin ağırlıqları 22,5 kq, döyüş başlığı isə 10 kq təşkil edir.

"Cirit" idarə olunan aviasiya raketi. ROKETSAN şirkəti tərəfindən yaradılmış və istehsal edilən 70 mm çaplı lazer başlıqlı "Cirit" raketi ilk dəfə 2017-ci ilin yanvar ayında daxili təhlükəsizlik əməliyyatında istifadə olunub. Raketin daha bir döyüş tətbiqi BƏƏ silahlı qüvvələri tərəfindən Yəməndə olub.Aviasiya vasitələrinin silahlanmasında istifadə olunan adıçəkilən raket bütün platformalara inteqrasiya oluna bilir. Yüksək dəqiqliklə hədəfi vurma qabiliyyətinə sahib olan "hava-yer" tipli bu raket 8 km mənzilə sahibdir.


Xəbərə aid fotolar