Dövlət Komitəsi: "Azərbaycandakı tolerantlıq modelini qəbul etməyən dövlətlər, qüvvələr var"


Digərləri 29 Yan 2018 13:57:36 292 0

Dövlət Komitəsi: "Azərbaycandakı tolerantlıq modelini qəbul etməyən dövlətlər, qüvvələr var"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, DQİDK-nin sədr müavini Səyavuş Heydərov bildirib ki, müəyyən güc mərkəzləri maraqlarını təmin etmək üçün din amilindən istifadə etməyə və islam dinini radikalizmlə eyniləşdirməyə çalışırlar.

Sədr müavini bildirib ki, Azərbaycanda tolerantlıq modeli mövcuddur, ancaq bunu qəbul etməyən dövlətlər, qüvvələr var: "Onlar kənar dini ideologiyaları Azərbaycana gətirmək istəyir, buna səy göstərirlər. İlk növbədə preventiv tədbirlərə, maarifləndirməyə üstünlük verilməlidir ki, uşaqlar, gənclər dini ekstremist ideologiyaların təsiri altına düşməsinlər".

S.Heydərov vurğulatyıb ki, bu kimi hallara qarşı aktiv mübarizə aparmalıyıq: "Radikal dini ideologiyaların Əfqanıstana, Orta Asiyaya, Şimali Qafqaza köçürülməsi cəhdləri var. Bunun üçün isə yol kimi Azərbaycanı görürlər".

Komitə sədrinin müavini bildirib ki, radikal dini qruplar sosial şəbəkələrdən, maddi həvəsləndirmə üsullarından istifadə edərək uşaqlarımızı, gənclərimizi zəhərləməyə çalışırlar: "Sosial şəbəkələrdə belə zərərli təhdidlər günün 24 saatı ərzində mövcuddur. Sonrakı mərhələdə isə onlara zərərli dini ədəbiyyatlar verilir. Əgər bir ailədə bir övlad əvvəlki dostları, əhatə dairəsi ilə əlaqəsini kəsirsə, deməli, artıq zərərli təsirə düşməkdədir. Bu halda ailə övladının bu zərərli təsirdən uzaqlaşdırılması üçün addım atmalı, övladını onlardan uzaqlaşdıra bilmirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir".