Xatunla Fatimənin davası, Tatlısəsə qurban kəsmək, Damlanın deportasiyası, Teymur əminin qocalığı


Şou-biznes 29 Yan 2018 09:15:00 389 0

Xatunla Fatimənin davası, Tatlısəsə qurban kəsmək, Damlanın deportasiyası, Teymur əminin qocalığı

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (156-cı say) təqdim edir.

Azərbaycan şou-biznesində elə adamlar var ki, onlar bu sahədə olmasaydılar da, çörəkləri olacaqdı. Məsələn, müğənni Xatun ya parodiyaçı, ya da idmançı kimi məşhurlaşa bilərdi. Hərçənd ki, Xatunun tanınmağında müğənniliyindən daha çox parodiyalarının rolu olub. Elə o gün də necə əsəbləşibsə, gedib rəqqasə Fatimənin obyektinə, sözləri çəp gəlib. Sonrası da məlumdur. Eşitdiyimə görə, Xatun deyib ki, bundan sonra qardaşı Balaş haqda kimsə artıq-əskik danışsa, hamısını Fatimənin aqibəti gözləyir.

Zenfira adlı Azərbaycanlı sənətçi var. Şəxsən mən onu həyat yoldaşına görə tanımışam. Daha doğrusu, bir neçə dəfə həyat yoldaşı polisə çağırıldığı üçün. Yadınızdadırsa, bu yaxınlarda saytlar onun ifasından sonra İbrahim Tatlısəsin kövrəldiyini yazmışdılar. Bax, həmin qız. O gün də Seda Sayanın verilişində qonaq olub. Deyib ki, İbrahim Tatlısəsə qurban demişdim. Hər dəfə bu haqda yazıram, bu dəfə də yazacam. Bəli, Tatlısəs böyük sənətkardı. Amma bizim ondan daha böyük sənətkarlarımız var. Çox böyük olmasa da, Fikrət Məmmədov kimi aktyorumuz var ki, bu gün xəstəxana künclərində ağır xəstəliklə (Hepatit C) çarpışır. Təkcə "Fəryad" filmində yaratdığı obrazı nəyə desən dəyər. Elə həmin qurbanın birini də Fikrət Məmmədov üçün kəsərsiniz. Nə edək ki, Fikrət Məmmədov Tatlısəs qədər məşhur deyil və ona kəsilən qurban "reklama işləməyəcək".

Damlanı Rusiyadan deportasiya ediblər. Sənətçi deyib ki, bu məsələni şou-biznesdəkilər təşkil edib. Söhbətə bax e. Şou biznesdəkilər uzağı Biləcəriyə qədər nəyəsə və kiməsə təsir göstərə bilərlər. İnanmıram ki, sərhəddən o tərəfə bizimkiləri sayan olsun. Xüsusən də indikiləri. Yeri gəlmişkən, Damlanın mətbuat konfransı keçirdiyi zalın döşəməsini dəyişdirməyə başlayıblar. Deyilənə görə, o qədər ağlayıb ki, döşəmə çürüməyə başlayıb.