"Həm müştəriləri aldadır, həm də minnət vururlar"


Digərləri 28 Yan 2018 19:00:00 336 0

"Həm müştəriləri aldadır, həm də minnət vururlar"

Humay Fərzəliyeva "İrşad Telecom"dan aldığı "Alcatel PİXİ 4"  markalı telefonu qaytara bilmir. Yanvarın 17-də şirkətin "Xalqlar dostluğu" metro stansiyanın yaxınlığında yerləşən mağazasından kreditlə aldığı telefon gözləntilərini doğrultmadığından xanım yenidən həmin mağazaya müraciət edir. Başqa telefon markası ilə dəyişmək ümidi ilə. Lakin mağazanın cavabı Fərzəliyevanı heyrətləndirir.

Son.az bildirir ki, pressclub.az-a danışan Humay xanım iddia edir ki, yanvarın 26-da telefonu dəyişmək üçün mağazaya getdikdə onlardan telefonun ümumi dəyərinin 20 faizini tələb ediblər. Səbəb isə telefonun kənarında kiçik cızıqların olmasıdır, hansı ki həmin cızıqları mağaza əməkdaşının özü salıb ora. "Orada vəziyyət belədir. Telefonu alanda əməkdaşlar əlavə ödəniş müqabilində kabura və yaddaş kartı təklif edirlər. Kaburanı da özləri geyindirirlər telefona. Həmin cızıqlar da kaburanı keçirən zaman düşüb. Bizə dedilər cızıq var, götürə bilməzlər, servisdən rəy almalıyıq. Bizi göndərdilər servisə, "28 may" metro stansiyasının yaxınlığına. Orada da dedilər ki, cızılıb və bu kabura taxan zaman baş verib. Özü də bu cızıqlar adi gözlə görünən cızıqlar deyil. Xüsusi işıq şüalarının altında görünür ancaq. İndi bizə deyirlər ki, telefonu dəyişmək üçün telefonun ümumi dəyərinin 20 faizi məbləğində ödəniş etməliyik. Bu da 36 manat pul edir. Axı telefona ziyan dəyibsə, bu, bizim günahımız deyil. Mağazanın əməkdaşının səhvinə görə mən niyə pul ödəməliyəm?"

Xanım Fərzəliyeva deyir ki, həmin zaman onlarla yanaşı telefon dəyişdirmək üçün 5-6 nəfər də gəlib. Onlara da eyni cavab verilib. Hətta ehtimal edir ki, bunu telefon şirkəti özü qəsdən edir ki, həmin telefonların qaytarılmasının qarşısını alsın: "Təsəvvür edin, bizim aldığımız telefonun qiyməti 179 manatadır. Daha bahalı telefon alanlar var ki, həmin məbləğin 20 faizi daha artıq vəsait edir".

Humay xanım deyir ki, telefon alarkən onlara məhsulun 14 gün müddətinə qaytarmaq və ya dəyişdirməyin mümkünlüyü barədə məlumat verilsə də, bu yolla qanunun icrasından yayınırlar: "Bizi servisdə nəzarət şöbəsinin Ruslan adlı əməkdaşının yanına göndədilər. Ona da etirazımızı bildirdik. O isə bizə hələ minnət vurdu ki, gərək heç sizə 20 faiz ödəniş müqabilində qaytarmağın mümkünlüyü barədə məlumat belə verməzdilər, ümumiyyətlə, qaytara bilməzdiniz. Guya bunlar bizə böyük jest ediblər".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində də alınan məhsulun 14 gün müddətində qaytarılması və ya dəyişdirilməsinin mümükünlüyü barədə müddəa var.


Xəbərə aid fotolar