Bayıl yamacında son durum nə yerdədir? VİDEO


Digərləri 27 Yan 2018 19:02:00 287 0

Bayıl yamacında son durum nə yerdədir?  VİDEO

Bayıl yamacında sürüşmə ərazisində çatlarda nisbi aktivlik müşahidə edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, ötən gün axşam saatlarına qədər ərazidə profilaktik tədbirlər davam etdirilib. Amma bugün əlverişsiz hava şəraiti buna mane olub. Belə ki, araşdırma işlərində istifadə edilən avadanlıqlar elektriklə işlədiyindən və hava yağıntılı olduğundan cihazların verə biləcəyi məlumatlar qeyri-dəqiq ola bilər. Qurum rəsmisinin sözlərinə görə, sabahdan ərazidə buruq-qazma işlərinə start veriləcək. Ərazinin mühəndis geoloji şəraitini araşdırmaq üçün quyular qazılacaq.Bununla süxurların xüsusiyyətləri, mövcud şərait təhlil ediləcək. Amma ən son məlumata görə ərazidə çatlar qalmaqda davam edir. Bu da Bayıl yamacında hələ də nisbi aktivliyin olmasından xəbər verir.

Məsələ ilə bağlı Səbail Rayonu İcra Hakimiyyətindən bildirilib ki, sürüşmə zonasından müvəqqəti köçürülmüş 80 ailəyə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Məktəbdə məskunlaşan 68 nəfərin də müvəqqəti yaşayış şəraitlərində heç bir problem yoxdur. Hazırda onlar qidalarla təmin edilirlər. Ərazidə aparılan araşdırmaların nəticəsindən asılı olaraq orada yaşayan insanların necə məskunlaşacağı məlum olacaq. İcra Hakimiyyətindən həmçinin bildirilib ki, Bayil sürüsmə zonasını yoxlamaq və orada olan teleqüllənin risk dərəcəsini müəyyən etmək üçün yapon mütəxəssislər dəvət edilib. Yapon mütəxxəssislər teleqüllənin seysmik sabitliyini yoxlayacaqlar.