Sahibkarları daha çox hansı məsələlər narahat edir?


Digərləri 24 Yan 2018 15:50:00 316 0

Sahibkarları daha çox hansı məsələlər narahat edir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, o cümlədən iş adamlarının Komitənin fəaliyyətinə münasibətini öyrənmək məqsədi ilə "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi tərəfindən keçirilmiş rəy sorğusunun nəticələri açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova Komitə tərəfindən sahibkarlara göstərilən xidmətlərin səviyyəsinin öyrənilməsi ilə bağlı aparılmış sorğunun nəticələrini açıqlayıb.

Bildirilib ki, sorğu son 5 il ərzində Komitəyə sənədlərin alınması üçün müraciət edənlər arasında aparılıb və 103 sahibkarlıq subyektini əhatə edib. Rəyi soruşulanların 93,2%-i son 5 ildə sahibkarlıq fəaliyyətini icra etmək üçün tələb olunan sənədlərin alınması üçün Komitəyə müraciət edənlərdir. Onlar texniki şərtlərin dövlət qeydiyyatına alınması (2,4%), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi (9,0%), lisenziya tələb olunan fəaliyyət sahələrinə rəylərin verilməsi (7,3%), əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyata alınması (18,4%), ölçmə vasitələrinin kalibrlənməsi (9,5%), məhsullara uyğunluq sertifikatlarının verilməsi (23,2%), məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması (11,3%), uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası (18,9%) kimi xidmətlərindən istifadə ediblər.

Həmçinin qeyd olunub ki, Komitəyə müraciət etdikləri zaman Komitə əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl edilməsinə dair sualı cavablandıran respondentlərin hamısı (100%) bu qaydalara riayət edildiyini, müraciətin ilk anından sənədin qəbuluna qədər bu qurumda diqqət və səmimi yanaşma ilə rastlaşdıqlarını qeyd ediblər.

SMPDK xidmətlərindən istifadə üçün müraciət edərkən komitə əməkdaşlarının fəaliyyətini 5 ballıq şkala ilə qiymətləndirən respondentlər onların etik davranış normalarına əməl etmələrinə 5 bal, peşəkarlığlarına 4,7 bal, obyektivliklərinə 4,8 bal, operativliklərinə isə 4,6 bal veriblər. Maraqlıdır ki, operativliyi qiymətləndirən respondentlər bu günə mövcud olan təşkilatı məqamları nəzərdə tutublar. Belə ki, SMPDK-nın müxtəlif xidmətlərinə müraciət edənlər ilkin müraciəti Ümumi şöbəyə deyil, birbaşa müvafiq xidmətə yönlədirməyin daha səmərəli olduğunu bildiriblər.

Eyni zamanda, qanunsuz tələblər, bürokratik əngəllər, qeyri-qanuni hərəkətlər, öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edilməsi faktları ilə rastlaşmadıqlarını qeyd edən respondentlər bu amilləri "0" balla qiymətləndirib.


Xəbərə aid fotolar