Turistlər üçün əski cığırların bərpası


Digərləri 24 Yan 2018 07:28:00 333 0

Turistlər üçün əski cığırların bərpası

Ekspert deyir ki, bu işdə əsas yük turizm şirkətlərinin üzərinə düşür 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son zamanlar turizm sektoru Azərbaycanda inkişaf dövrünü yaşayır. Dünyanın bir sıra ölkələrindən turistlərin ölkəmizi seçməsi, Azərbaycanın dünya miqyasında tanınmasına əhəmiyyətli təsir göstərir. Hazırkı vəziyyətdə turizm qeyri-neft sektorunun ən aktiv sahəsidir. Sahənin aktivliyi ona olan tələbatı artırır. Bu aktivliyin daimiliyinə nail olmaq üçün tələbi ödəyən təkliflər irəli sürülməlidir. Belə ki, Azərbaycanda sovet dövründə olan turizm marşrutlarının bərpası təklif edilir. Təklifin turizm sahəsinin inkişafına necə təsir edəcəyini, hansı effektləri verəcəyini öyrənməyə çalışdıq. 

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, sovet dövründə Azərbaycana gələn turistlər üçün bir çox maraqlı marşrutlar olsa da, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir: "Məsələn, sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu. Albaniya turistləri bu tura çox maraq göstərirdilər və buna görə ölkəmizə səfər edirdilər. Bundan başqa, indi elə turizm marşrutları var ki, onlar yeni istiqamət kimi qəbul edilir, amma sovetlər vaxtı da populyar olub. Məsələn, sovet dövründə Qubanın Təngəaltı, Afurca kəndlərinə, eləcə də Qusarda Laza şəlaləsinə səfərlər çox olurdu. İndi də  turistlər bu yerlərə səfər etməyə maraq göstərirlər".

M.Ağakərimov qeyd etdi ki, yay mövsümündə Azərbaycana gələn əcnəbi turistlər ölkəmizin regionlarına daha çox maraq göstərirlər. Onun sözlərinə görə, son illərdə Azərbaycana Rusiya, İran və ərəb ölkələrindən gələn turistlərin sayı artıb. Turistlər daha çox Şamaxı, Qəbələ, Şəki, Qax, Quba və Qusar rayonlarına səfər edirlər. Sədrin müşaviri qeyd etdi ki, əvvəllər mövcud olmuş bütün turizm marşrutlarını bərpa etmək lazımdır: "Bu tip marşrutları genişləndirmək vacibdir. Əvvəllər İrana avtobusla getmək olurdu. Düşünürəm ki, dəmiryolu turizmi də açılsa, daha yaxşı olar. Bundan başqa, birbaşa yox, dairəvi xarakterli marşrutların da fəaliyyətə başlaması turizmə müsbət təsir edər. Məsələn, Qəbələ-Şəki-Zaqatala-Qax marşrutu. Yəni bu tip marşrut bir deyil, bir neçə bölgəmizi əhatə edir. Belə turizm marşrutları həm yerli əhali, həm də xarici turistlər üçün maraqlı olardı. Xarici turistlər bu marşrutlar sayəsində bizim maddi və mənəvi irsimizlə yaxından tanış ola bilərlər".