Səbir nədir və onu necə əldə edək?


Digərləri 23 Yan 2018 21:45:00 437 0

Səbir nədir və onu necə əldə edək?

Görkəmli alimlər səbrin tərifində buyururlar: "Səbir - yəni özünə hakim olmaq və nəfsi ağlın və dinin buyurduqlarında həbs etməkdir. Başqa sözlə desək səbir - yəni özünü ağlın və dinin göstərişləri altına salmaqdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs səbri əldə etmək üçün nə etməli?

1. Dünya həyatını tanımaq. Səbri əldə etməyin ən mühüm yolu odur ki, insan dünya həyatını tanıya bilsin. Bilsin ki, bu dünya əbədi deyildir və bura - behişt deyildir. İnsan axirət üçün yaradılmışdır və bu dünyaya əməlləri ilə axırətini qazanmaq üçün gəlmişdir. Quran buyurur: "Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)". ("Bələd" 4).

2. Allaha olan inanc. Əgər insan bilsə ki, başlanğıcı da, sonu da Allaha aiddir, bütün var olduqları Allahdandır, övladları, ailəsi, mal-dövləti Allahdandır - Onun verdiyi imtahanlara səbir etmək məharəti əldə edər. "Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz". ("Nəhl" 53).

3. Allahın mükafatına inanmaq. İnsan o zaman ki, dəyərli mükafat alacağını bilər, onu əldə etməyə görə lazım olan əməlləri yerinə yetirər. Baxmayaraq ki, həmin əməl ona çox çətin görünsə də, ancaq alacağı dəyərli mükafatı düşünərək, onu yerinə yetirər. "İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!

O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz İlahi vəzifələrini yerinə yetirməkdə) səbir etdilər və daim öz Rəbbinə təvəkkül etdilər". ("Ənkəbut" 58-59).

4. Çətinlikdən sonra rahatlığa çıxacağına ümid bəsləmək. İnsan inanmalıdır ki, hər bir çətinlik və giriftarlıqdan sonra rahatlıq və genişlik gələr. Bu zaman çətinliyə səbir etmək də asan olar. "Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar". ("Təlaq" 7).

5. Məhrumiyyətlərin aradan qalxacağına ümid bəsləmək. Allah Təala möminlərin mərhumiyyətlərinə görə etdikləri səbirləri əvəzsiz buraxmaz. Hətta bu səbir üçün həm dünyada və həm də axirətdə savablarını bir neçə qat çox edər. Allah Peyğəmbərlə (s) birlikdə hicrət edən müsəlmanlar barəsində buyurur: "Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür. Həmin o kəslər ki, səbir etdilər və həmişə öz Rəbbinə təvəkkül edirlər". ("Nəhl" 41-42).

6. Allahdan yardım istəmək. Quranın nəzərinə görə, səbir edənlərin ən böyük dayağı - Allahdan yardım istəməkdir. Onsuz heç bir bəşər səbrin son həddinə çata bilməz. "(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin". ("Bəqərə" 45).

"Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir". ("Bəqərə" 153).