"Ən parlaq təəssürat elə uşaqlıq illərinin özüdür"


Digərləri 23 Yan 2018 21:02:00 257 0

"Ən parlaq təəssürat elə uşaqlıq illərinin özüdür"

Xalq rəssamı, akademik Ömər Eldarovun Son.az saytına müsahibəsi.

Ömər müəllimlə Rəssamlıq Akademiyasında görüşdük. Təhsil ocağının otaqlarında və həyətində təsviri və tətbiqi sənətin müxtəlif sahələrində özünü tapmağa can atan kifayət qədər gəncin məşğul olduğunu gördüm. Və kəşf etdim ki, bu məkanın ab-havası ilk dəfə bulunan kəsi uyğun ovqata - təxəyyülün ardınca gedib özündəki yaradıcı damarı aşkar etməyə həvəsləndirir.

"Məndə rəssamlığa marağı o, yaradıb"

- Ömər müəllim, yubileyiniz və "Heydər Əliyev" ordeni ilə təltif edilməyiniz münasibəti ilə Sizi təbrik edir, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

- Təşəkkür edirəm...

- Sizin hansı ailədə tərbiyə olunmağınızı bilmək oxucularımız üçün maraqlı olar. Valideynlərinizi necə xatırlayırsınız, ailənizin tarixçəniz barədə nələri bilirsiniz?

- Atam Həsən Eldarovun əsli-kökü Dərbənddəndi. Şəhər realnı məktəbində texniki təmayüllü təhsil alandan sonra Sankt-Peterburq Xalq Təsərrüfatı İnstitutunda oxuyub. 17-ci il inqilabını da orda qarşılayıb. Atam 1914-cü ildən marksist dərnəyinin üzvü idi. O hərəkatlar axı əvvəlcə "sosial-demokrat" adı ilə başlamışdı. Ona görə hər bir mütərəqqi fikirli adam kimi atamı da cəlb etmişdi. Özü də dərnəyin üzvləri arasında yeganə azərbaycanlı imiş. 17-ci il inqilabından sonra kommunizm ideyalarına bağlanıb. Qərara gəlib ki, ölkənin cənubuna qayıtsa, yaxşıdı. Saratovda belarus yəhudilərindən olan Yelizaveta adlı bir qızla evlənib. Bu evlilikdən 20-ci ildə qardaşım, 27-ci ildə isə mən doğulmuşuq. Anamla evlənəndən sonra Tsaritsınoya gəlib-çatıblar. Burda atam XI Qızıl Ordunun tatar alayına qoşulub, Dərbənddə isə partiya təşkilatının tapşırığı ilə inqilab komitəsinin sosial-təminat şöbəsinin işini yerinə yetirməyə başlayıb. Amma bir müddətdən sonra atam o dövr üçün xas olan partiyadaxili çəkişmələrin nəticəsində partiya üzvlüyündən kənarlaşdırılıb. Bundan sonra ailəmiz Bakıya köçüb. Atam yenidən partiyaya bərpa olunmasa da, bir neçə fotoda onların arasında olduğu görünür. Doğrudur, sovet rejimində partiya üzvlüyündən çıxarılmaq kifayət qədər narahat mövqe idi, amma partiyadaxili çəkişmələrin necə dəhşətli şəkil aldığını, müharibədə öldürmək vərdişinin sülh şəraitində də davam etdiyini izlədikcə atam oranın üzvü olmadığına sevinirdi. SSRİ-ni quranların əksəriyyəti sosializm, kommunizm ideallarına işdə əməl etmirdilər. Eynilə xristianlıqda olduğu kimi. "İncil"də yazılıb ki, öldürmə, öz cəlladına nifrət etmə, əksinə onu sev, çünki o, səni öldürməklə necə böyük günaha batdığını, cəhənnəm odunda yanacağını bilmir. Bu dərəcədə humanist tövsiyələrin müqabilində xristianlığın tarixində inkvizisiya kimi vəhşiliklər baş verib. Sovet rəhbərlərinin də iş üsulunda belə halların olması artıq sirr deyil. Partiya stajı inqilaba qədərki dövrdən başlayanları o qədər məhv etmişdilər ki, çox az adam qalmışdı. Stalin ümumiyyətlə, təsadüfi, amma çox dəhşətli fiqur idi. Əslində əsas fiqur Trotski idi, hətta Lenin də deyildi. Amma hadisələrin sonrakı inkişafı kağızda yazılanlardan, kürsülərdə söylənilənlərdən çox fərqli təsirə malik oldu.

Atam Bakıda pedaqoji fəaliyyətlə məşğul olub - Xalq Təsərrüfatı İnstitutunda dərs deyib. Sonralar məlum oldu ki, mərhum prezident Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev də onun tələbəsi olub. İnstitutda dram dərnəyi təşkil edib, bir neçə gələcək xalq artisti, məsələn, Möhsün Sənani, bu dərnəkdən çıxıb. Ümumiyyətlə, əczaçı olan və bu sahədən başqa heç nə ilə maraqlanmayan anamdan fərqli olaraq atamın maraq dairəsi geniş idi, xüsusən, incəsənət onu çox cəlb edirdi. Məndə rəssamlığa marağı o, yaradıb, bacarığımın inkişaf etməsindən ötrü hər şey edib. Özü də çox erkən, 3-4 yaşim olanda. Hara gedirdisə, ordan fırçalar, akvarellər alıb gətirirdi. Bir sözlə, hər cür şərait yaradırdı ki, təsviri sənətlə məşğul olum.

"Dönə-dönə deyirdi ki, sən tanınmış heykəltəraş olacaqsan"

- Ömər müəllim, uşaqlıq illərindən hansısa parlaq təəssürat yaddaşınızda bu günə qədər qalıbmı?

- Ən parlaq təəssürat elə uşaqlıq illərinin özüdür. Mənim uşaqlığım çox maraqlı keçib. Çoxlu səfərlər etmişik - qatarların ab-havasını indi də xatırlayıram. Atam ömrü boyu aqronom işləyib. Mil, Muğan düzlərinə ezamiyyətlərə göndəriləndə bəzən məni də özü ilə götürürdü. O vaxt oralar hələ xam torpaq olduğu üçün çox acınacaqlı vəziyyətdə idi. Belarusa, anamın qohumlarıgilə də gedirdik. Uşaqlıqda gördüyüm mənzərələri, aldığım təəssüratları çox yaxşı xatırlayıram. Vaxtın keçməyini səbirsizliklə gözləməyimi də. Uşaqlıqda axı adama elə gəlir ki, vaxt çox gec keçir, amma indi gözünü açıb-yumunca il başa çatır.

- İlk dəfə heykəlcik yapmağınızı necə xatırlayırsınız?

- İlk heykəlcik yapmağım İstedadlı Uşaqlar Studiyasında baş verdi. Bu studiya indiki 28 May küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşirdi. Atam anama tapşırmışdı ki, məni bu studiyaya gətirib rəngkarlıq bölməsinə yazdırsın. Amma biz gələndə dedilər ki, rəngkarlıqda yer qalmayıb. Məsləhət gördülər ki, yapma studiyasına yazılım. Beləliklə, o studiyanın rəhbəri Anna İvanovna Kazartseva mənim ilk ustadım oldu. O, orta təhsilli olsa da, ümumiyyətlə, uşaqlarla və ən əsası az-çox bacarığı olan uşaqlarla işləməkdə xüsusi bacarığı var idi. Bu, pedaqoji keyfiyyətdən daha çox tərbiyəçi keyfiyyəti idi. Bu cəhət onda çox güclü idi. O vaxt uşaqlar üçün plastilin demək olar ki, istehsal olunmadığına görə biz birbaşa gildən müxtəlif heyvanların fiqurlarını düzəldirdik. Məhz Anna İvanovna məndə yaradıcı insan üçün vacib olan sağlam iddia hissini inkişaf etdirdi. Dönə-dönə deyirdi ki, sən tanınmış heykəltəraş olacaqsan, təsəvvür edirsən, küçələrdən keçəndə özünün yapdığın heykəlləri seyr edəcəksən. Balaca uşağın parlaq xəyallara dalıb onları gerçəkləşdirməyə çalışması üçün bu sözlər kifayət idi.

Heykəltəraşlıq ən qədim sənətlərdən biri olsa da, Şərq ölkəsi üçün bu sənətə maraq demək olar ki, qeyri-adi haldı. Çünki islam dininə görə ilk insan Adəmi tanrı gildən yaradıb. Adi insanın da gildən insan fiqurları, simaları yapması o qədər də alqışlanmır. Hətta bir sıra Şərq ölkələrində bu sahə ümumiyyətlə inkişaf etməyib. Daha çox memarlıq inkişaf edib və qismən Şərq miniatürləri kimi incəsənətin çox maraqlı sahəsi öz yerini tutub. O illərdə Bakıda da heykəllər çox az idi. Bircə Sabirin heykəli idi, bir də 26 Bakı komissarlarının şərəfinə qoyulmuş monument idi. Bir də Tripolskayanın, Erzenin müxtəlif binaların fasadındakı çıxıntıları bəzəyən heykəlciklər var idi.

"Samoqon" və rus məişətinin digər özəllikləri


Xəbərə aid fotolar