Azərbaycanda bu şəxslərin vətəndaşlıq almasına imkan yaradılır


Digərləri 23 Yan 2018 15:18:00 318 0

Azərbaycanda bu şəxslərin vətəndaşlıq almasına imkan yaradılır

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavə təklif olunur.

Son.az APA-ya istinadən xəbər verir ki, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə təklif olunan bənddə bildirilir ki, "2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir".

Layihədə o da bildirilir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanı yaratmaq məqsədi daşıyır.