"Anam evə getmədiyim o gecə keçinmişdi" Ünvansız sakinlər haqda ARAŞDIRMA


Digərləri 22 Yan 2018 23:45:00 353 0

"Anam evə getmədiyim o gecə keçinmişdi"  Ünvansız sakinlər haqda ARAŞDIRMA

"Mən küçənin adamıyam. Hesabımda olduqca az dost insan və xeyli dost küçə var. Onlar - küçələr, məni gecəylə gündüzün hər anında görürlər. Tez-tez yanımı onların səkilərinə pərçimləyir, kölgəmi divarlarına buraxıb fənərlərinə söykənərək otururam. Düşünürəm ki, onlar da məni sevir, axı mən onları sevirəm..."

Onu hər zaman iş başında, ya da çömbələrək torpaqdan nə isə tapacaqmış kimi gözlərini yerə dikmiş vəziyyətdə görəndə Eduard Limonovun yaddaşımda iz buraxan bu cümlələri beynimdə canlanır...

***

- Olar, maşınınızın şüşəsini silim?

- Lazım deyil, rədd ol kənara!

Balacaboy və sısqa bu oğlan aldığı cavabdan sonra üzündə heç bir narazılıq ifadəsi olmadan səkiyə yaxınlaşır. Təmkinini pozmadan əlində tutduğu su dolu qırmızı kiçik vedrəni və yaş süngəri kənardakı taxtanın üstünə qoyaraq, yanından şütüyən avtomobilləri yenidən diqqətlə nəzərdən keçirir. Birdən gözlərində ümid qığılcımı parlayır və əşyalarını götürərək, işıqforda dayanan bəyaz avtomobilə yaxınlaşır.

Sürücüyə nəsə dedikdən sonra avtomobilin şüşələrini silməyə və bərk-bərk sürtərək, parıldatmağa çalışır. Qısa müddət ərzində işinin öhdəsindən layiqincə gəlir və sürücüdən zəhmət haqqını alıb, geriyə qayıdır.

Son.az bildirir ki, 14 yaşlı Fərhad ailem.az-a danışır ki, bir müddət əvvəl anası ilə birlikdə kirayədə qalırmışlar.

- 6 yaşım olanda atam yol qəzasında rəhmətə gedib. Bundan sonra rayonda yaşamaq çətin olduğu üçün Bakıya gəlmişik. Anam isə bizə qalmaq üçün yer tapdıqdan sonra evlərə gedib xadiməlik edirdi. O vaxt mən məktəbə gedirdim. Bir gün məktəbdən evə gələndə gördüm ki, həyətdə "həkim maşını" var. Anam "paraliç" olmuşdu, sol tərəfi demək olar ki işləmirdi...

Fərhad bu sözləri deyərkən şaxtadan cadar-cadar olmuş barmaqlarını köksünə sıxır və daha nəsə demək istəyir, amma sözlər qəhərlənib, boğazında düyünlənir... Bir xeyli ciblərini eşərək siqaret qutusunu tapır, siqaretin birini yandıraraq dərin bir qullab alıb, tüstünü ciyərlərinə çəkir.

***

Fərhad atası vəfat edəndən bəri özünü bu qədər çarəsiz hiss etməmişdi. Həkimlər gedəndən sonra anası elə hey ona baxırdı və sadəcə sağ yanağından muncuq kimi axan yaş damlaları kip bağlanmış dodaqlarını isladaraq, sinəsi aşağı tökülürdü...

Elə həmin gündən də oxumağın daşını atdı və küçələrə üz tutdu Fərhad. Çox kiçik olduğu üçün başqa uşaqlar onu döyür, olan qəpik-quruşunu da əlindən alırdılar. Həmin qış baş vermiş bir hadisəni xatırlayır Fərhad. Xeyli qar yağmışdı, əlindəki bir neçə stəkanlıq tumu satmaq istəyirdi. Artıq hava da qaralırdı, yanından keçən bir dəstə uşaq ya qəsdən, ya da bilməyərəkdən ona bərkdən toxundu və əlindəki tum tamamilə qarın üzərinə səpələndi. Əlləri göm-göy göyərmişdi, amma ağappaq qarın üzərinə səpələnmiş kömür kimi qaralan tumları ciddi-cəhdlə toplamağa çalışırdı. Əslində bilirdi ki, artıq həmin tumları toplasa belə, islandıqları üçün sata bilməyəcək. Bunu ona görə edirdi ki, daha qaldıqları evin yaxınlığındakı zibil yeşiklərini eşərək çörək tapmaq istəmirdi... Nə olur-olsun pul qazanmaq istəyirdi. Anasına təzə, isti çörək alıb aparmaq istəyirdi... Amma nə yolla...

Beləcə, o axşam evə getmədi. Onun səhərisi də. Anasının üzündəki öz balasını doyura, kömək edə bilmədiyi üçün qınaq ifadəsini görmək istəmirdi.

Və bir səhər qərarlı şəkildə gecələdiyi zirzəmidən çıxaraq yola düzəldi. Dilənəcəkdi. O, əllərini gəlib keçən insanlara uzadır, evdə yatan xəstə və naəlac anası üçün çörək pulu istəyirdi. Gün ərzində ovcuna qoyulan soyuq dəmir pullar ürəyinə bir istilik, sevinc yayırdı. Mağazadan seçdiyi ən isti çörəyi soyumaması üçün paltarının altına, düz ürəyinin üstünə qoyub, küçələrlə yel kimi evə tələsirdi.

...Gecikmişdi. Anası artıq bir gün idi ki, keçinmişdi. Və bunun günahkarı o idi. Anası xəstəlikdən, aclıqdan, susuzluqdan deyil, Fərhadın nigarançılığına dözməyərək ölmüşdü. Qonşu qadınlar anasının üzünə ağ vermişdi və təəssüflə ona deyirdilər ki, anan elə hey qapıya baxaraq səni gözləyirdi...

Fərhad dizləri taqətdən kəsilmiş kimi yerə çökdü. Sinəsində bərk-bərk gizlətdiyi isti çörək isə diyirlənərək, anasının ayaqları altına düşdü...

- Daha nə deyim? Yaşım az olsa da, bu həyatda az şey yaşaşamamışam. Elə həmin gündən mənim tək ünvanım oldu küçələr. Bu küçələrdə tum da satmışam, dilənçilik də eləmişəm, cibgirlik də, şüşə də silmişəm. Necə deyərlər, olmuşam əsl küçə uşağı...

***

Küçələrdəki uşaqların yarısı...

Dövlət Statistika Komitəsi Dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektorunun müdiri Fərid Əhmədov sorğuya cavab olaraq bildirdi ki, bir neçə ildir Azərbaycanda olan küçə uşaqlarının statistikası ilə bağlı sorğu keçirməyiblər. Komitə son olaraq 2008-ci ildə "küçə uşaqları" adlı seçmə statistik müayinə aparıb. Həmin müayinə əsasında Bakı şəhərində yaşayan və 9-17 yaşda olan 208 baxımsız küçə uşağından -165 oğlan və 43 qızdan sorğu götürülüb. 208 küçə uşağının 94 faizinin ailəsi olub. Bununla belə, uşaqların 61 faizinin hər iki valideyni, təxminən üçdə birinin natamam ailəsi, yəni təkcə anası və ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub. Müayinənin nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Sorğu olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişib ki, bu da ölkədə küçə uşaqlarının formalaşmasına təsir edən amillərdən biridir: "Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman bütün sorğu aparılan küçə uşaqlarını işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanır. Oğlanların 14 faizi ailə üzvləri tərəfindən işləməyə məcbur edildiyini qeyd ediblər. Qızların 44 faizi da həmin səbəbi göstərib.

Uşaqların üçdə ikisi böyüklər tərəfindən onlara qarşı seksual xarakterli zorakılıq hallarının olmadığını söyləyib, qalanları isə bu suala cavab vermək istəməyib".