Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən öldü


Digərləri 22 Yan 2018 15:20:00 331 0

Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən öldü

Gürcüstanın Marneuli rayonunun 8 saylı orta məktəbinin şagirdi Yusif Talıbovun qəfil ölüm səbəbi məlum olub. 

Son.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı Y. Talıbov M. İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında meninqokoksemiya xəstəliyindən dünyasını dəyişib. 

Marneuli rayonunun İctimai Sağlamlıq Mərkəzindən bildirilib ki, məktəbli ilk olaraq yerli xəstəxanaya yerləşdirilib: "Sonra o, M. İaşvili adına uşaq xəstəxanasına aparılıb və yanvarın 18-də orada vəfat edib".

Mərkəzin məlumatına əsasən, meninqokoksemiya xəstəliyindən ölüm faktı bu il ilk dəfə qeydə alınıb. Qeyd olunur ki, Marneuli rayonunda epidemiya təhlükəsi yoxdur.  

Marneulinin 8 saylı orta məktəbində isə dezinfeksiya işləri aparılıb və yerli əhaliyə vəziyyətin təhlükəli olmadığı bildirilib.