Leyla Şıxlinskayanın klinikasında həkimin maaşı:


Digərləri 21 Yan 2018 19:44:00 451 0

Leyla Şıxlinskayanın klinikasında həkimin maaşı:

Xalq artisti, balerina və s. titulların sahibi  Leyla Şıxlinskayanın rəhbərlik etdiyi, onun adını daşıyan klinikanın göz həkimi Namiq Mustafayev rəsmi sənədlərə görə, klinikadan 180 manat, faktiki isə7-8 min manat maaş alırmış.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu N.Mustafayev özü ötən həftənin cümə günü məhkəmədə təsdiqləyib.

Həkim, Leyla Şıxlinskaya klinikasının 7 nəfər keçmiş işçisinin məhkəməsində ifadə verib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müttəhimlər kürsüsündə klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayeva oturublar. Onlar  CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilir.

"Əməliyyata görə pulu klinikanın kassasından alırdım..."

Onların barəsində Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət işi qaldırılıb. Şıxlinskaya baş mühasibi və digərlərini klinikanın "qara kassası"ından 800 min manata yaxın vəsaiti mənimsəməkdə ittiham edir. Keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri mənimsəməkdə ittiham edən Şıxlinskaya onların cinayət məsuliyyətinə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 manat da pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb.

Lakin bu cinayət işinin istintaqı zamanı klinikada milyonlarla manat vergidən yayınma da aşkarlanıb və fakt üzrə ayrıca cinayət işi qaldırılıb.

Məhkəmədə şahid kimi ifadə verən Namiq Mustafayev Mərkəzi Neftçilər Xəstəxanasında da işləyir. Həkim deyib ki, əsas iş yeri də elə oradır, "Leyla Şıxlinskaya klinikası" ilə əməkdaşlıq edib. N.Mustafayev ifadəsində deyib ki,  özəl klinikada göz əməliyyatları edib. Hər əməliyyata görə pulu bir həftə sonra klinikanın kassasından alıb.

"Hər əməliyyatın öz qiyməti var. Yəni qiymətlər standart deyildi. Məndə əməkhaqqı kartı olmayıb. Amma ayda 7-8 min manat pul almışam", - göz həkimi ifadəsində belə deyib.

"Əməkhaqqı kartlarında maaş az göstərilirdi"

Təqsirləndirilən şəxslərdən keçmiş baş mühasib Şəhla Abbasovabu şahidlə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, həqiqətən ona dediyi məbləğdə əməkhaqqı verilirdi. Amma rəsmi sənədlərdə həkimin maaşı 180 manat göstərilmişdi. Çünki klinikanın rəhbərinin göstərişi belə olub: "Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əməkhaqqıkartı açmışdıq. Amma orada maaş az göstərilirdi".