20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq günüdür FOTO


Digərləri 20 Yan 2018 20:36:00 427 0

20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq günüdür  FOTO

Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də Qanlı Yanvar faciəsində şəhid olanların xatirəsi anılıb.

Əvvəlcə 20 Yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib və şəhidlərin ruhuna dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 28 il bundan əvvəl törədilən 20 Yanvar faciəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda, tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qaldığını qeyd edib.

Elmar Vəliyev bildirib ki, 20 Yanvar və tariximizdə ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.

Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, Gəncə şəhərinin şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən 371 şəhidin məzarı var. Onlardan 49-u naməlum, 1-i isə şəhid qadının məzarıdır.

Şəhid anası Minayə Piriyeva çıxış edərək Qanlı Yanvar gecəsi baş verən hadisələri ürəkağrısı ilə xatırlayıb. Minayə Piriyeva Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiyini bildirib. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan minnətdarlıqla danışıb.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən şəhidlərin xatirəsinə həsr olunan "Qan Yaddaşı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, məzarlar üzərində gül dəstələri qoyulub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

X X X

Qanlı Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Naftalan şəhərində faciə qurbanlarının xatirəsinə həsr olunmuş geniş anım tədbiri keçirilib.

Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Xatirə Kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.