Aqil Abbas: "Azərbaycan nağılları GÖYDƏN 5 RAYON DÜŞDÜ"


Digərləri 18 Yan 2018 16:52:00 272 0

Aqil Abbas: "Azərbaycan nağılları  GÖYDƏN 5 RAYON DÜŞDÜ"

Son.az adalet.az-a istinadən Aqil Abbasın yazısını təqdim edir:

Bu haqda bir dəfə yazmışam, təkrar çap etmək istəmədim. Biz nağılları çox sevirik axı: Cırtdan-mırtdan, Ağ atlı oğlan, qardaşların kəndirini kəsdiyi Məlikməmməd, at gəldi örkən apardı, it hürən tərəf, işıq gələn tərəf. Həmişə də it hürən tərəfə getmişik, itlər də bizi tutub. Ağlımıza gəlməyib bir dəfə işıq gələn tərəfə gedək, bəlkə işıqlığa çıxdıq.

Nə isə, söhbəti uzatmayaq, oxucunu da yormayaq. Çünki oxucular da yazı yekə olanda oxumurlar, ərinirlər.

Adətən bütün nağılların axırında da göydən üç alma düşür: nə bilim biri nağıl deyənin, o biri ikisi də kimə düşür yadımdan çıxıb, amma deyəsən biri qulaq asanlarındı.

Amma heç vaxt göydən alma düşdüyünün şahidi olmamışıq. Bizim də başımıza göydən alma düşsəydi, demirəm Nyuton kimi Cazibə qüvvəsi qanununu kəşf edərdik, ən azı vaxtında dilimizdəki "ğ" hərfini "k"la əvəz edərdik, indiyə saxlamazdıq.

İndi hərdən ortaya "5 rayon nağılı" atırlar. Millət də sevindiyindən az qala bayram edir. Guya ki Ermənistan Qarabağdakı 5 rayonu qaytaracaq. Hansı rayonlardı deyilmir.

Cəbrayılmı?! Vurhavur qəsəbələr tikirlər, hətta bir kilsə də tikdilər, Sərkisyan gəldi açdı.

Zəngilan-Qubadlımı?! Yeni qəsəbələr tikirlər, Suriyadan gələn erməniləri yerləşdirirlər.

Kəlbəcərmi?! Məktəblər tikirlər, kanalizasiya xətləri çəkirlər, küçələri asfaltlayırlar. Və sair və ilaxır. At gəlmədi, örkən də aparmadı.

Hələ ki bir Ağdamla Füzulidə abadlıq işləri aparmırlar, çünki erməni azlığı var, orda yaşayacaq erməniləri hələ ki tapa bilmirlər.