PAŞA Bank "Euromoney" beynəlxalq forumunda iştirak edib


Digərləri 17 Yan 2018 18:03:00 238 0

PAŞA Bank "Euromoney" beynəlxalq forumunda iştirak edib

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank Vyana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin illik beynəlxalq investisiya-bankçılıq forumunda növbəti dəfə iştirak edib.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank Vyana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin illik beynəlxalq investisiya-bankçılıq forumunda növbəti dəfə iştirak edib. Bankdan Trend-ə verilən məlumata görə, işgüzar tədbirin təşkilatçısı aparıcı biznes jurnalı Euromoney olub. Öncəki illərdə olduğu kimi bu dəfə də Forumun gündəliyinin əsasını Mərkəzi və Şərqi Avropa ölkələrinin maliyyə və iqtisadiyyat nazirliklərinin, dövlət tənzimləyici orqanlarının rəhbərlərinin, eləcə də aparıcı beynəlxalq bankların və işgüzar qurumların nümayəndələrinin çıxışları təşkil edib. Bu il forumun işində bankirlər, investorlar, biznes konsultantlar, özəl səhm kapitalının, daşınmaz əmlakın, sığorta bazarlarının idarə edilməsi üzrə mütəxəssislər və digər ekspertlər də daxil olmaqla 1100-dən artıq nümayəndə iştirak edib. Forum çərçivəsində 2018-ci ildə maliyyə gündəliyində duran aktual məsələləri müzakirə etmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, BNP Paribas, Societe Generale, Citi, Raiffeisen Bank və digər bu kimi beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri bir araya gəlib. Bu il forumun iştirakçıları əsas diqqəti region ölkələrində investisiya iqlimi, özəl sektora xarici investisiyaların cəlb edilməsi üçün şəraitin yaradılması üsulları və region ölkələrinin iqtisadiyyatı üçün hal-hazırda aktual olan digər əsas struktur məsələlərinin müzakirə edilməsinə yönəldib. Tematik müzakirə panelləri çərçivəsində dəvət olunmuş ekspertlər region ölkələrində rəqəmsal alətlərin fəal şəkildə tətbiq edilməsi fonunda bu ölkələrin iqtisadiyyatının inkişaf perspektivləri, FinTek-lərin rolu və onların fəaliyyətinin ənənəvi bankçılığa təsiri, eləcə də yaxın gələcəkdə bizneslərin üzləşə biləcəkləri əsas iqtisadi risklər kimi bu gün üçün aktual olan bir sıra məsələləri müzakirə etmiş və fikir mübadiləsi aparıblar. “Mərkəzi və Şərqi Avropa ölkələrinin bank sektoru” adlı müzakirə panelindəki çıxışında PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun qeyd etdiyi kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda texnologiyaların bank məhsulları bazarına inteqrasiya edilməsində banklar əsas hərəkətverici qüvvə olacaq.