Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü münasibətilə bəyanat yayıb


Digərləri 17 Yan 2018 10:46:00 215 0

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü münasibətilə bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə bəyanat yayıb.

Bakı. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə bəyanat yayıb. QMİ-dən Trend-ə daxil olan bəyanatda bildirilir: "Tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsindəyik. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız əbədidir. 20 Yanvar bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar cinayəti də vardır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər".