Özümüzü ölümcül zəhərlənmədən necə qoruyaq?


Digərləri 16 Yan 2018 22:06:00 276 0

Özümüzü ölümcül zəhərlənmədən necə qoruyaq?

KİV-lərdə demək olar, hər gün dəm qazından zəhərlənmə ilə bağlı bədbəxt hadisələr haqqında məlumat verilir. Əfsuslar olsun ki, bəzən bu hadisələr bütöv ailənin ölümü ilə də nəticələnə bilir. Səhiyyə və Fövqəladə Hallar Nazirliklərinin və digər qurumların profilaktik və izahetmə tədbirlərinin keçirilməsinə baxmayaraq, bu sahədə vəziyyət çox ciddi olaraq qalır.

Bəs bu ağır zəhərlənmədən özümüzü necə qoruyaq? İntoksikasiya baş verdikdə onun ilkin əlamətləri hansılardır və təxirəsalınmaz yardım kimi nə etmək olar?

Son.az bildirir ki, ailem.az bu barədə ətraflı məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyevə müraciət etdi.

- Azərbaycanda dəm qazı ilə zəhərlənmə halları hansı səviyyədədir?  

- Son illər Azərbaycanda dəm qazı və yanma məhsullarından zəhərlənmə hallarında artma tendensiyası qeyd olunub. Əgər 2007-ci ildə toksikologiya mərkəzində bu cür hospitalizasiyaların sayı 173 nəfər idisə, 2017-ci ildə bu rəqəm 4 dəfə artıb. Lakin bu vəziyyətin təkcə Azərbaycan üçün səciyyəvi olduğunu düşünmək səhvdir. Belə ki, ABŞ-da hər il dəm qazı ilə 10 mindən çox zəhərlənmə hadisəsi baş verir. Avropa ölkələrində isə dəm qazı ilə intoksikasiya alkohol və onun surroqatları ilə zəhərlənmələrdən sonra stabil ikinci yeri tutur.

- Dəm qazı ilə zəhərlənmənin əlamətləri necə olur?

- Karboksihemoqlobinin qanda səviyyəsi təxminən 15%-ə çatdıqda dəm qazı ilə zəhərlənmənin simptomları özünü büruzə verir. Zəhərlənmənin üç dərəcəsi ayırd edilir:

1. Yüngül dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 15-30% təşkil edir). Ümumi toksiki simptomlar (baş ağrısı, qulaqlarda küy, başgicəllənmə, ürəkbulanma), təngnəfəslik, boğazda acışma, quru öskürək, ürək nahiyəsində xoşagəlməz hisslər əmələ gəlir. Bayılma (huşun itirilməsi) adətən müşahidə olunmur.

2. Orta dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 30-40% təşkil edir). Yorğunluq, artan zəiflik (xüsusən aşağı ətraflarda), görmə və eşitmənin qavranmasında pozulmalar, şüur dolaşıqlığı, ürək ritminin pozulması və döşdə ağrılar (miokardın işemiyası), qıcolmalar. Dəm qazı ilə orta dərəcəli intoksikasiyanın fərqləndirici cəhəti qısa müddətliyinə huşun itirilməsidir. Dərsliklərdə təsvir olunan və qanda karboksihemoqlobinin olması ilə bağlı yaranan dəri və dodaqların albalı-qırmızı rəngə boyanması nadir hallarda təsadüf edilir.

3. Ağır dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 40-50% təşkil edir). Koma, beyin ödemi, tənəffüsün ciddi pozulmaları inkişaf edir. Ağciyərlərin toksiki ödemi, trofik pozulmalar, kəskin böyrək çatışmazlığı və huşsuz vəziyyət nəticəsində "pozision travma" səbəbindən rabdomioliz yaranması mümkündür.

- Bu cür zəhərlənmənin hansı fəsadları ola bilər?

- Dəm qazı ilə yüngül dərəcəli zəhərlənmədə belə toksiki ensefalopatiyanın baş ağrıları və digər simptomları bir qədər sonra yeni qüvvə ilə təkrar olunur.

Bundan başqa bəzi xəstələrdə hətta müalicə və yaxşılaşma fonunda, zəhərlənmədən iki həftə sonra gecikmiş nevroloji fəsadlar yaranır: düşüncə qabiliyyətinin enməsi, yaddaşın zəifləməsi, baş ağrıları, əzələlərin zəifliyi və əsməsilə özünü büruzə verən dəm qazı ilə induksiyalanmış təxirəsalınmış neyropsixi sindrom müşahidə olunur.

Bəziləri isə güman edir ki, karbon monooksid (dəm qazı) spesifik iyə malikdir, lakin əfsuslar olsun ki, bu, belə deyildir. Onun heç bir iyi, rəngi və dadı yoxdur. Məhz buna görə ona "dinməz qatil" deyirlər.