Böyüklüyünə görə dünyanın ən iri beşinci almazı tapılıb


Digərləri 16 Yan 2018 07:21:00 324 0

Böyüklüyünə görə dünyanın ən iri beşinci almazı tapılıb

Dünya tarixində ən böyük almazlardan biri "Gem Diamonds Ltd" kompaniyasının Lesotoda yerləşən "Letseng" mədənində aşkarlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xüsusi dərəcədə keyfiyyətli olan qiymətli daşın çəkisi 910 karatdır. Rəngsiz (D şkalası) daş lla tipinə aiddir, yəni onun tərkibində demək olar, azot və ya bor qatışığı yoxdur; dünyada belə almazlar 1 faizdən az hasil olunur. O, böyüklüyünə görə indiyə qədər dünyada aşkar olunan beşinci, Lesotoda isə birinci almazdır.

Tapıntının ardından yanvarın 15-də Londonda keçirilən hərracda "Gem Diamonds Ltd" kompaniyasının aksiyaları 13 faiz bahalaşıb.

"Letseng" mədəni almazlarının keyfiyyətinə və ölçülərinə görə məşhurdur. 2006-cı ildən bəri dünyanın ən iri 20 ağ almazının dördü burada tapılıb. Onların arasında rekord 603 karatlıq "Lesotonun vədi" (Lesotho Promise) almazına məxsusdur. Xüsusi keyfiyyət bu mədənin tapıntılarına ən yüksək orta dəyər təmin edir - 1 karatına görə 2 min dollara qədər. Qeyd edək ki, ötən il 1 karat almazın orta qiyməti 120 dollar olub.

Kompaniya hələlik yeni almaz barədə planlarını bildirmir. "Liberum" broker şirkəti isə "Letseng" rekordçusunu ilkin olaraq 40 milyon dollar həcmində qiymətləndirib.