Son 26 ildə Azərbaycanda yüksək temperatur daha çox Bakı və Aran rayonlarında qeydə alınıb


Digərləri 12 Yan 2018 13:54:02 232 0

Son 26 ildə Azərbaycanda yüksək temperatur daha çox Bakı və Aran rayonlarında qeydə alınıb

1991-ci ildən sonra Azərbaycanın bütün ərazilərində havanın temperaturunun yüksəlməsi müşahidə edilsə də, bu artma daha çox Bakıda və Aran rayonlarında qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva – 1991-ci ildən sonra Azərbaycanın bütün ərazilərində havanın temperaturunun yüksəlməsi müşahidə edilsə də, bu artma daha çox Bakıda və Aran rayonlarında qeydə alınıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. M.Həsənov əlavə edib ki, 1991-ci ildən 2015-ci ilədək Mərkəzi Aran zonasında – Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Neftcalada orta çoxillik temperatur 15,2 dərəcə ilə 15,7 dərəcə arasında dəyişib: "1960-cı ilə qədər olan dövrdə isə adları qeyd edilən ərazidə orta çoxillik temperatur 14,2-14,5 dərəcə olub". İnstitutun direktor müavini qeyd edib ki, Bakıda 1960-cı ilə qədər olan orta çoxillik temperatur 14,4 dərəcə idi: "Ancaq 1991-ci ildən 2015-ci ilədək olan dövrdə orta çoxillik temperatur 15 dərəcə olub ki, bu da normadan yüksəkdir. İndi sadalanan ərazilərdə temperaturun yüksəlməsi müşahidə edilir. Lakin temperaturun yüksəlməsi Azərbaycanın digər ərazilərində də qeydə alınıb. Digər ərazilərdə temperatur 0,4-0,6 dərəcə artıb”.