Tramp Londona getməyəcək


Digərləri 12 Yan 2018 10:49:09 308 0

Tramp Londona getməyəcək

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya rəsmi səfərini qeyri-müəyyən müddətə təxirə salıb. O, Birləşmiş Ştatların Londondakı səfirliyinin yeni binasının təntənəli açılış mərasiminə qatılmaq üçün fevralda Britaniyaya səfər etməliydi.

Səfər 26-27 fevralda baş tutmalıydı.

Son.az CBS-yə istinadən bildirir ki, 2017-ci ilin yanvarında, Donald Trampın inauqurasiya mərasimindən az sonra Britaniyanın baş naziri Tereza Mey Vaşinqtona yollanmış, ABŞ prezidentini Britaniyaya rəsmən dəvət etmişdi.

Fəqət, bu səfərin tarixi hələ də razılaşdırılmayıb. Hətta Londonun cənub-qərbində ABŞ-ın yeni səfirlik kompleksinin təntənəli açılış mərasimi ilə bağlı qısamüddətli səfər də olmayacaq.

Donald Trampın əvəzinə Londona ABŞ-ın dövlət katibi Reks Tillerson yollanacaq.

Dauninq-strit rəsmiləri olayla bağlı heç bir şərh vermirlər.

Donald Trampın səfərdən imtinası ilə bağlı bir neçə versiya var. Həmin versiyalardan birinə görə, Donald Tramp 23-26 yanvarda Davosdakı forumdan cəmi bir neçə həftə sonra Britaniyaya yollanmaq istəmir.

Digər, daha geniş yayılmış versiyaya görə, ABŞ prezidenti Londona yollanacağı təqdirdə onu gözləyəcək kütləvi etiraz aksiyalarından çəkinir.

Ötən ilin noyabr ayının sonunda ABŞ prezidentinin Twitter-dəki profilində yaydığı tvit Britaniyada böyük qəzəb doğurmuşdu. Həmin tvitdə Tramp Britaniyadakı ultrasağçı, faşist "Britain First" təşkilatını faktik olaraq reklam etmişdi.


Xəbərə aid fotolar