"Prezident İlham Əliyevin bu addımı millətə, dövlətə, xalqa, keçmişə, bu günə və sabaha olan münasibətinin bir ifadəsi və etirafıdır"


Digərləri 11 Yan 2018 07:00:00 335 0

"Prezident İlham Əliyevin bu addımı millətə, dövlətə, xalqa, keçmişə, bu günə və sabaha olan münasibətinin bir ifadəsi və etirafıdır"

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini ilk növbədə yürüdüdülən siyasətin, dünya səviyyəsində atılan addımların milli-mənəvi dəyərlərə verilən qiymətin davamı hesab etmək olar. Çünki bundan əvvəl "Multikultualizm ili" və "İslam həmrəyliyi ili"ndən sonra "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi düşüncə məhsulunun silsilə davamıdır. Bunlar dövlət başçısının milli və mənəvi dəyərlərə, tariximizə olan münasibətinin göstəricisidir.

Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Professorun fikrincə, "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmasını cənab İlham Əliyevin bilavasitə tariximizə, keçmişimizə, dövlətçiliyimizə olan təkcə dövlət başçısı, prezident kimi deyil, eyni zamanda bir insani münasibətin məhsulu hesab etmək olar: "Çünki Cümhuriyyət liderləri özlərini bu millətin yolunda fəda ediblər, şəhid olublar. Ötən əsrin əvvəllərində tarix məsələsi çox sərt qoyulmuşdu: Ya ayağa dur, tarixinə qayıt, dünya dövlətlərinin boy sırasında dayan, tarixi ərazilərinə sahib dur, öz milli dövlətçiliyini bərpa et və onu davam etdir, ya da sus, əri, mayeyə dön, böyük dövlətlərin istəyini reallaşdır və onların istədiyi əyri qabın tutumunu al! Bu tarixi məsuliyyəti dərk edən Avropanın qabaqcıl düşüncələrinə və Rusiya təhsilinə malik Cümhuriyyət liderləri ayağa durdular, Azərbaycanın istiqlaliyyətini başqa bir ölkədə, Gürcüstanda, Tiflisdə elan etdilər. Dünyaya bəyan etdilər ki, belə bir dövlət yarandı. İslam dünyasında ilk demokratik Cümhuriyyət quruldu.

Amma ordusu, heç nəyi olmayan istiqlalçılar güvən yerimiz olan Qafqaz-İslam Ordusunun köməyi ilə Azərbaycana gəldilər və ölkəni 23 ay idarə etdilər.   2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir  Bu 23 ay ərzində 23 illik tarixi bir missiyanı həyata keçirdilər. Əgər onlar Azərbaycanın müstəqilliyini elan etməsəydilər, bu dövlətçiliyə sahib olmasaydılar, bu tarixi şansı əldən buraxsaydılar, bu gün Azərbaycan başqa bir dövlətin sadəcə bir əyaləti formasında mövcud olacaqdı. Çünki Bakının Rusiya tərəfindən, ölkəmizin cənub hissəsinin İrana, şimal-Qərb hissəsinin Gürcüstana, Dağlıq Qarabağ və yaxın ərazilərin isə Ermənistana birləşdirilməsi istəkləri reallaşa bilərdi. Cümhuriyyətin paytaxtı elan olundu. Əvvəlcə Gəncə, sonra Bakı şəhəri. Mübahisəli və mübahisəsiz 114 min kv.km-lik ərazidə dövlətin sərhədləri müəyyən edildi. Lakin bu tarixi missiyanı yerinə yetirən Cümhuriyyət liderlərinin hamıya məlum olan uğursuz taleyi oldu. Onların bir qismi mühacirətdə, acınacaqlı vəziyyətdə, bir qrupu "Vətən! Vətən!" deyə-deyə, bəziləri isə terrorun qurbanı olaraq dünyasını dəyişdilər. Yəni onların hər biri mənəvi və fiziki olaraq şəhidlərdir.