Səlim Müslümov: İşsizlikdən sığorta sistemi vətəndaşların özünüməşğulluq proqramlarında iştirak imkanlarını artıracaq


Digərləri 10 Yan 2018 23:18:34 356 0

Səlim Müslümov: İşsizlikdən sığorta sistemi vətəndaşların özünüməşğulluq proqramlarında iştirak imkanlarını artıracaq

İşsizlikdən sığorta sistemi vətəndaşların özünüməşğulluq proqramlarında iştirak imkanlarını artıracaq.

Bakı. İşsizlikdən sığorta sistemi vətəndaşların özünüməşğulluq proqramlarında iştirak imkanlarını artıracaq. Trend-in məlumatına görə, bunu mək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2017-ci il müasir Azərbaycan dövlətinin tarixində bir sıra möhtəşəm hadisələrlə xüsusi iz qoydu: “Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasətin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Çünki Azərbaycan post-neft dövrünə sürətlə keçməyin, çevik iqtisadi islahatların şok effektlərsiz aparılmasının mümkünlüyünü göstərdi, neft gəlirlərinin ötən illər ərzində düzgün məbləğlərdə xərcləndiyini və ehtiyatda lazım olduğu qədər saxlanıldığını sübut etdi. Həmçinin iqtisadi şaxələndirməni qısa müddətdə gerçəkləşdirməyin və dayanıqlı inkişafa nail olmağın yollarını ortaya qoydu və bu əsasda stabil əmək bazarının təmin olunmasının və əhalinin sosial müdafiəsinin vaxtında aparılan islahatlarla gücləndirilməsinin səmərəli praktikasını nümayiş etdirdi. Cənab Prezident, Sizin bu gün bəyan etdiyiniz sosial-iqtisadi göstəricilər bütün bunların əyani sübutudur”. S.Müslümov qeyd edib ki, 2017-ci ildə zəruri resurslar səfərbər olunmaqla makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən valyuta bazarlarının mənfi təsirlərindən səmərəli qorunmasına, yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaratdı: “Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə əmək qabiliyyətli əhalinin sürətlə artdığı bir şəraitdə məşğulluğun çevik idarə edilməsi üzrə qabaqlayıcı tədbirlərin görülməsini xüsusi diqqətdə saxlayaraq, əmək bazarında stabilləşdirmə məqsədilə həm qısamüddətli effekt verən sosial məsuliyyət, ictimai işlərin təşkili kimi dövlət məşğulluğu tədbirlərindən, həm işaxtaranlara kömək və peşə təlimi kimi dəstəkləyici tədbirlərdən, həm də uzunmüddətli səmərəyə hesablanmış biznesə dövlət köməyi və güzəştlərin verilməsi tədbirlərindən tənzimləyici elementlər kimi istifadə etdi”. O əlavə edib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, ötən il ərzində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadıldı, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlandı, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edildi: “Ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub. Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənildi. Möhtərəm cənab Prezident, Sizin müvafiq tapşırığınıza əsasən aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb. Eyni zamanda, bu təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə, onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır”. S.Müslümov bildirib ki, müvafiq normativ hüquqi baza yaradılmaqla yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq: “Bu tədbirlər üçün İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub. Əmək bazarına 111 min nəfər gənc işçi qüvvəsinin daxil olduğu 2017-ci ildə də bu bazarın stabilliyi qorunub saxlanılıb. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin sayı ötən il 44 min 700 ədəd artıb. Bu artımın təmin olunmasında, möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınızla yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də böyük rol oynayıb. Əmək bazarında stabilləşmənin mühüm göstəricilərindən biri də iş üçün məşğulluq mərkəzlərinə edilən müraciətlərin sayının azalmasıdır. Belə ki, 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min müraciət olunmuşdusa, 2017-ci ildə bu göstərici 1,7 dəfə azalaraq 118 minə enib”. Nazir deyib ki, əmək bazarındakı müsbət meyillər məcburi dövlət sosial sığorta haqlarının artmasına imkan yaradıb: “Qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə 10,8 faiz və ya 130 milyon manat artaraq 1 milyard 338 milyon manat olub və büdcə proqnozu 103 faiz icra edilib. Daxilolmaların səviyyəsi 3,4 milyard manatlıq pensiya və müavinət xərclərini vaxtında maliyyələşdirməyə imkan verib”. O qeyd edib ki, ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib: “Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir. Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə 215 milyon manat xərclənib”.