Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək


Digərləri 10 Yan 2018 13:28:00 286 0

Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək

Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları"nda öz əksini tapıb.

Normalara görə, meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsinin 20 faizdən çox olmayaraq azaldılması mümkündür. Sənaye müəssisələri tikintisinin layihələndirilməsi zamanı yaşıllıq sahəsinin xüsusi çəkisi istehsalatın təyinatından asılı olaraq tənzimlənməlidir. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda, eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır. Ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər.

Yaşayış məntəqələrində küçə və prospektlərin layihələndirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadratmetr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır. Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq tingliklərin (şitilliyin) sahəsi adambaşına 0,2-0,4 kvadratmetr təşkil etməlidir.