Banklar Mərkəzi Bankın hərraclarına niyə maraq göstərmir?


Digərləri 07 Yan 2018 19:49:00 236 0

Banklar Mərkəzi Bankın hərraclarına niyə maraq göstərmir?

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

Son.az oxu.az-a istinadən bildirir ki,  hərrac yanvar ayının səkkizində 11:00-11:15 radələrində baş tutacaq. Hərracla 300 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 14 gün, faiz dərəcəsi 10,01% - 14,99% aralığında müəyyən edilib.

Xatırladaq ki, Mərkəzi Bank yanvarın 5-də vəsaitlərin cəlb edilməsi üzrə ilin ilk depozit hərracını keçirsə də manatın hamısını ala bilmədi. Belə ki, hərracda tələb 57,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,69% təşkil edirdi. Göründüyü kimi cəlbedici şərtlərə rəğmən Mərkəzi Bankın banklardan istədiyi qədər pul cəlb edə bilməyib.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb: " Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi. İlin son ayında əvvəlki ay ilə müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb. Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir. Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır".

Onun sözlərinə görə, 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq.