İldə 1 dollar maaş alan milyarder Bloomberg


Digərləri 04 Yan 2018 21:15:00 286 0

İldə 1 dollar maaş alan milyarder Bloomberg

O, sərvəti haqqında danışmağı sevmir. Lakin Amerikanı idarə edən 50 yəhudidən biri sayılır. Maraqlıdır ki, sözügedən şəxs nə əsil-nəcabətli Almaniya, nə də Böyük Britaniya yəhudisidir. Ailəsi Amerikaya Belarusiyadan miqrasiya edib. Bir zamanlar avtodayanacaqda qəpik-quruşa işləyib. Hazırda tabeliyində 9 min 500 nəfər çalışır. Söhbət media maqnatı Maykl Blumberqdən gedir.

Rus yəhudisi

Maykl Blumberq 14 fevral 1942-ci ildə Bostonda anadan olub. Atası süd fermasında mühasib, anası evdar xanım olub. Blumberqlər əslən yəhudidirlər. Lakin bu, əsil-nəcabətli Böyük Britaniya, Almaniya yəhudi ailəsi deyil, onlar əslən Belarusiyadandırlar.

Tarix və ədəbiyyat fənləri dünyagörüşünü dəyişir

Blumberq yaxşı oxuyan şagird olmayıb. Orta təhsilinin ilk illərini sadəcə yola verib. Ta ki yuxarı siniflərdə tarix və ədəbiyyat dərslərinin tədrisinə qədər. Ali təhsilə gəldikdə, Con Hopkins Universitetində və Harvard biznes məktəbində oxuyub.

Son.az bizplus.az-a istinadən bildirir ki, tələbəykən o, xərclərini ödəmək üçün avtodayanacaqda işləyib. 1964-cü ildə Con Hopkins Universitetindən elekrik mühəndisi ixtisası üzrə məzun olub. İki il sonra Harvarddan MBA diplomu alaraq, işgüzar idarəetmə üzrə magistr adını qazanıb. Uoll Streetdə maliyyə təşkilatı olan "Salomon Brothers"də işə başlayıb. Altı illik əmək fəaliyyəti dövründə karyerasını qurmağı bacarıb. Hətta şirkətin bərabərhüquqlu ortağına çevrilib və informasiya sistemi üzrə rəhbər təyin edilib. Əslində, Maykl ixtisasına görə bu vəzifəyə ən uyğun namizəd idi. Amma onun sevinci uzun çəkmədi. "Salomon Brothers" neft, metal və fərqli kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan "Phirbo" şirkətiylə birləşdikdən sonra Blunberqin adı ixtisar siyahısına düşdü. Bəzi versiyalara görə, işdə həddən artıq fəallıq nümayiş etdirməsi onun başına bəla oldu. Başqa sözlə, Maykl şirkətin yeni rəhbərliyini qıcıqlandırıb və onun adını ixtisara düşən işçilərin siyahısına əlavə ediblər.

"Blumberq LP" necə yarandı?

İşini itirmək onu depresiyaya salmadı. Əksinə, qarşısında yeni imkanlar açdı. O, şirkətləri maliyyə informasiyası ilə təmin etməyi qərara aldı. Məşhur "Blumberq LP"nin sələfi olan "Innovative Market Systems" şirkətini yaratdı. Həmin dövrdə sektorda yeganə rəqib "Reuters" idi.

Başlanğıc kapitalı 10 milyon dollar olan şirkətin ilk müştərisi investisiya bankı Merrill Lynch olur. Merrill Lynch kimi məşhur qrumun yeni yaranmış, iş təcrübəsi olmayan şirkətlə necə müqavilə imzalamasına gəlincə, bu, biznes tarixinin ən böyük əfsanəsi sayılır. Belə ki, Mayklın şəxsən bankın ofisinə getdiyi və şirkətinin biznes- planını rəhbərliyə təqdim etdiyi deyilir.

Sirr ondadır ki, Maykl banka əvvəlcə pilot versiyanı göstərmişdi. "Innovative Market Systems"i sınaqdan keçirən bank bu yeni layihəyə heyran olur. Çünki sistem fond birjasından məlumatları sürətlə toplaya bilirdi. Merrill Lync dərhal terminaldan daha 20-ni sifariş verir. Beləliklə, Maykılın ilk müştərisi və investoru meydana çıxır. "Merrill Lynch" 30 milyon dollar ödəyərək "Innovative Market Systems" şirkətinin səhmlərinin 20 faizini alır. Bu kapital Blumberqə gərəkli olur. Böyük pullara doğru gedən yolun qapısı onun üzünə açılır.

Hazırda "Bloomberg LP" dünyada maliyyə xəbərlərinin aparıcı təchizatçısı sayılır.

Milyardlar

Böhranadək varidatının həcminə görə, Maykl Blumberq amerikalı iş adamlarının arasında 8-ci yerdə idi. Maliyyə böhranı Blumberqin biznesinə təsir göstərsə də, bu, digər biznesmenlərə dəyən ziyan qədər çox olmur. Bununla belə, "Forbes" jurnalı media maqnatının 4 milyard dollar itirdiyini iddia edir. Jurnal 2014-cü ildə onun sərvətini 33, 6 milyard dollar civarında dəyərləndirib.

M.Blumberq dünyanın 16-cı ən varlı sakinidir. Bu arada o, vəfatından sonra bütün pullarının xeyriyyə məqsədləriylə xərclənməsini vəsiyyət edib. M. Blumberq 12 il Amerikanın ən böyük şəhərinin sahibi olub. Belə ki, o, 2001-ci ildə Nyu Morkun meri seçilib. Belə yüksək postu əldə etməsində iki faktor rol oynayıb. Birincisi, M.Blumberq öz reklam kampaniyasını aparmaq üçün yaxşı maliyyə imkanlarına sahib idi. Hesablamalara əsasən, o, mer seçkilərindəki təbliğatına 74 milyon dollar xərcləyibmiş. İkinci səbəb isə, Mayklı özündən əvvəlki merin - Rudolf Culianinin dəstəkləməsiydi.