İranda etirazlar: 2009cu ildən bu yana nə dəyişdi, nə dəyişmədi?


Digərləri 04 Yan 2018 20:09:00 264 0

İranda etirazlar: 2009cu ildən bu yana nə dəyişdi, nə dəyişmədi?

İranda 6 gün əvvəl iqtisadi problemlərə etiraz etmək üçün başlayan nümayişlərdə həyatını itirənlərin sayı 20 nəfəri ötüb. Paytaxt Tehranda 450 nəfərdən çox insan həbs olunub.

Hökümət nümayişlərdə "xarici qüvvələri" ittiham edir.

Etirazların 2009-cu ildən bu yana ən böyük kütləvi nümayişlər olduğu bildirilir.

Eyni zamanda, cümə axşamı başlayan etirazlar 2009-cu ildəki nümayişlərlə daha çox müqayisə olunur. 2009-cu ildə baş verən etirazlarla son nümayişləri altı başlıq altında təhlil etdik:

Səbəbləri

Nümayişlərin arxasında duran səbəblər, 2009-cu il etirazları ilə 2017-ci ilin sonlarında baş verən nümayişlər arasındakı ən əhəmiyyətli fərqləri, eyni zamanda ən mühüm oxşarlıqları təşkil edir.

2009-cu ildəki etirazların səbəbi o dövrdə keçirilən prezident seçkilərindəki qanun pozuntuları iddiaları idi. Seçkiləri həmin dövrün prezidenti Mahmud Əhmədinejad qazandı. Ancaq islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Karrubi səslərin hesablanmasında pozuntulara yol verildiyini irəli sürərək onları dəstəkləyənləri küçələrə çıxmağa çağırdılar.

Bundan sonra başda paytaxt Tehran olmaqla, yüz minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyaları təşkil edildi. Hökumət əvvəlcə polis, sonradan isə İnqilab Keşikçiləri nəzdindəki Besiç qüvvələrinin gücü vasitəsilə nümayişlərə müdaxilə etdi.

Etirazlar nəticəsində 70-dən çox insan həlak oldu. Müsəvi və Karrubi ev dustağı edildi.

İranın fərqli nöqtələrində davam edən etirazlara dəstək olmaq üçün həftə sonunda Tehran Universiteti tələbələri də nümayiş keçirdi

2017-ci ilin son günlərində başlayan etirazların əsas səbəbi isə iqtisadi sıxıntılardır.

Məşhəd şəhərindəki nümayişlər yüksək inflyasiyaya etiraz əlaməti olaraq başlayıb.

Bundan başqa, xalq Qərb dövlətləri ilə əldə edilən nüvə razılaşmasıyla sanksiyaların ləğv edilməsinin iqtisadi təsirlərinin küçələrdə əks olunmamasından şikayətçidir.

2009-cu ildə nümayişlər qanun pozuntuları, 2017-ci ilin sonlarında isə iqtisadi sıxıntılara görə baş qaldırsa da, sonrakı günlərdə daha artıq haqq və azadlıq tələbləri də dilə gətirilməyə başlandı.

2009-cu ildə müstəqillik və daha artıq haqq tələbi dilə gətirilərkən, 2017-ci ildə baş verən hadisələrdə bəzi yerlərdə rejim əleyhinə və hətta şah lehinə şüarlar səsləndirənlərin də olduğu bildirilir.

Nümayişçilər

Hər iki etiraz dövründə də küçələrə çıxanların gənclər olduğu görünür. 2009-cu ildə nümayişlər daha çox orta və orta-yuxarı sinif, gəlir və təhsil səviyyəsi yüksək olan insanlar təfəfindən dəstəklənmişdi.

2017-ci ilin sonlarında baş verən nümayişlər isə ilk mərhələdə ölkənin mühafizəkar şəhərlərində keçirilməyə başlandı.

İlk günlərdə küçələrə çıxanların iqtisadi sıxıntıları daha çox hiss edən işçi və daha aşağı sinifdən olan insanlar olduğu bildirilirdi. Lakin bir neçə gün ərzində etirazların fərqli şəhərlərə yayılmasıyla orta sinifin də dəstəyini almağa başladığı görünür.

Nümayişçilərin ortaq xüsusiyyətləri də gənc olmalarıdır.

2009-cu ildəki nümayişlərə liderlik edənlərdən biri də islahatçı namizəd Mir Hüseyin Musəvi olmuşdu

2009-cu ildə küçələrə çıxanlar arasında 20 yaşlı gənclərin və universitet tələbələrinin çoxluq təşkil etdiyi nəzərə çarpırdı.

2017-ci ilin sonunda baş verən nümayişlərdə də yenə eyni yaş qrupundan olan iştirakçıların olduğu görünür.

Rəsmi açıqlamalar da həbs edilənlərin haradasa çoxunun yaşının 25-dən az olduğuna işarə edir.

2009-cu ildə islahatçı prezidentliyə namizədlər nümayişlərə liderlik edərkən, son nümayişlərdə müəyyən bir liderin kütləni arxasıyca apardığını demək çətindir.

Şəhərlər

Bu iki nümayiş arasında ən ciddi fərqlərdən biri keçirildiyi şəhərlərdən ibarətdir. Paytaxt Tehran 2009-cu ildəki nümayişlərin lideri idi. Küçələrə çıxanların çox böyük bir qismi tehranlılardan ibarət idi. Nümayişlərin əhəmiyyətli bir hissəsi də də paytaxtda keçirilmişdi.

Tehranda, xüsusilə şəhərdə daha zəngin şimal qismindən iştirakçılar daha çox olurdu.

Lakin 2017-ci ilin sonlarında baş verən etirazların birdən artıq şəhərə yayıldığı və başlanğıc nöqtəsinin də mühafizəkar yerlər olduğu görünür. Məşhəd şəhərində yüksək inflyasiyaya etiraz etmək üçün küçələrə çıxan nümayişçilərlə başlayan etiraz aksiyaları ölkənin mühüm hissəsinə yayılmış vəziyyətdədir.

İranın əhalisinin sayına görə ikinci şəhəri sayılan Məşhəd eyni zamanda mühafizəkar quruluşuyla tanınır. Bundan başqa, şiələr tərəfindən müqəddəs qəbul edilən Qum şəhərində də minlərlə insan küçələrə çıxıb.

Kirmanşah, Dorud, Nəcəfabad və İsfahan da nümayişlərin keçirildiyi şəhərlər arasında yer alıb.