Yeni il bayramının qeyd edilməsində haram olan və olmayan nədir?


Digərləri 30 Dek 2017 19:00:00 270 0

Yeni il bayramının qeyd edilməsində haram olan və olmayan nədir?

Tanınmış yazıçı, motivasiya psixologiyası üzrə mütəxəssis, teoloq Rövşən Abdullaoğlunun Son.az-a müsahibəsi:

- Rövşən müəllim, İslam dininin bayramlara və onların qeyd edilməsinə münasibəti necədir?  

Elm və din güzgüsündə TƏKAMÜL - Ölkəmizdə inanclı insanların bəziləri elə fikirləşir ki, dində bayram anlayışı yoxdur və guya din birmənalı şəkildə bütün bayramları qadağan edir. Bəziləri isə düşünür ki, xeyr, dində bayram anlayışı var, amma o, yalnız Quranda və hədislərdə göstərilənlərdən ibarətdir. Yəni buna yalnız Fitr (Ramazan) və Qurban bayramını aid edirlər. Onlar hesab edirlər ki, İslam qeyri-dini bayramların heç birini qəbul eləmir...

Əvvəla, dində bayram anlayışı var. Qurani-Kərimdə göstərilir ki, İsa peyğəmbər Allahdan möcüzə olaraq süfrənin (maidənin) endirilməsini və bunun özünkülər, eləcə də özündən sonrakılar üçün bayram olmasını istəyir. (Maidə, 114) Hədislərdə də Fitr və Qurban bayramlarının olduğunu görürük. Bunlar bütün müsəlmanlar arasında bayram günü kimi qəbul olunur. Ona görə də "dində bayram yoxdur" demək mənasızdır.

Daha əsas məsələ isə İslam dininin qeyri-dini və ya başqa dinlərdən olan bayramlara yanaşmasıdır. İslamda bayramlar bir neçə kateqoriyaya bölünüb. Birincisi, bunlar dini bayramlardır, yəni Fitr və Qurban bayramları. İkincisi isə qeyri-dini bayramlardır. Amma həm Qurani-Kərimin bayramlar barəsində nazil olan ayələrinə və onların izahlarına, həm hədislərə, həm də alimlərin fətvalarına baxanda görürük ki, İslam bütün qeyri-dini nə varsa, hamısını qadağan etməyib. Lakin elə xüsusiyyətlər var ki, onlar hansı qeyri-dini bayramlarda mövcuddursa, dinimiz onu qadağan edir. Onlar dinimizdə qadağan olunmuş pis əməllərin təbliğ olunması və yayılması ilə bağlıdır. Məsələn, hardasa pivə bayramı keçirilirsə, bu, qəbul edilmir. Şərab, spirtli içki dinimizdə qadağan olunduğuna görə onunla əlaqəli bayramlar da qadağan olunur.

Elə bayramlar var ki, dini ayinlərin icrası ilə bağlıdır, lakin insanlar tərəfindən süni şəkildə yaradılıb və özündə xürafatı ehtiva edir. Dinimiz müsəlmanların o cür bayramlarda iştirakını, qeyd etməsini düzgün saymır.

Bir də var qeyri-dini olan, lakin yuxarıda qeyd edilən xüsusiyyətləri özündə daşımayan bayramlar. O cür bayramları dinimiz məqbul bilir və onların keçirilməsində dini baxımdan heç bir qəbahət yoxdur. Məsələn, Hz. Əli vilayətlərə təyin etdiyi hakimlərə xitab edərdi ki, həmin yerlərdə hansı adət-ənənələr ki, xoşdur, insanlar arasında birliyə, mehribanlığa, yardımlaşmaya səbəb olursa, onlara qarşı çıxmasınlar. Bu cür bayramlar əslində, həmin xalqların mədəniyyətinin bir hissəsidir.

- Bəs dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilən Yeni il bayramı barədə nə deyə bilərsiz?