Primitiv üsulla inşa edilmiş tikililərin söküntüsünə başlanılıb


Digərləri 28 Dek 2017 22:41:00 279 0

Primitiv üsulla inşa edilmiş tikililərin söküntüsünə başlanılıb

Nazirlik rəsmisi: "Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən meşə fondu torpaqlarından qanunsuz istifadə halları müəyyən edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, əksər hallarda meşə fondu ərazisində olan iaşə obyektləri kənardan gözəllik, zövq yaratmaq əvəzinə, öz natəmizliyi, zövqsüzlüyü və meşə torpağının həddən ziyadə istismarı ilə insanlarda ikrah hissi yaradır: "Bunları görənlər isə iaşə obyektlərinin sahiblərini deyil, haqsız olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qınayırlar".

"Xüsusi komissiya tərəfindən meşə fondu ərazilərində torpaqdan istifadə vəziyyəti ilə əlaqədar araşdırmalar aparılır. Belə ki, bir sıra obyekt sahibləri tərəfindən müqavilə şərtləri pozularaq əsaslı tikililərin aparıldığı və primitiv üsulla qanunsuz salınan tikililər, estetik tələblərə cavab verməyən obyektlər sökülür. Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür" - R.Mirzəyev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, araşdırmalara Quba rayonundan başlanılıb: "Quba rayonunda Quba-Qəçrəş yolunun kənarında meşə fondu torpağında zövqsüz tikililər, üfunət iyi verən primitiv sanitar qovşaqları tikiblər. Xarici qonaqlar, turistlər, hamı bu xoşagəlməz mənzərəni görür və onların haqlı narazılığına səbəb olur, bu barədə nazirliyə çoxsaylı şikayətlər daxil olur. Əlbəttə ki, bu cür vəziyyət yaratmaqla obyekt sahibləri təbiətə münasibətdə pis fikir formalaşdırır və bununla da ölkəni, hamımızı gələn xarici qonaqların yanında rüsvay edirlər".

Həmsöhbətimiz qeyd edib ki, Qəçrəş yolunun kənarında fəaliyyət göstərən istirahət-rekreasiya məqsədilə müqavilə əsasında müvəqqəti istifadəyə verilmiş meşə fondu torpaqlarında 9 obyektdə araşdırma başa çatdırılıb: "Bu obyektlərdə müqavilə şərtlərinə zidd olaraq əsaslı tikintilərin, o cümlədən primitiv üsulla inşa edilmiş mətbəx, talvar, sanitar qovşağı, köşk və digər tikililərin olduğu, ekoloji və sanitar qaydalara riayət olunmadığı aşkar edilib".

Mirzəyevin bildirdiyinə görə, meşə torpağının çınqıl, daş, asfalt, beton örtüklərlə örtülməsi torpağın üst qatının dəyişdirilməsinə, rekreasiya yükünün normadan artıq olmasına, təbii bərpa prosesinin qarşısının alınmasına gətirib çıxarıb: "Həmçinin formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da vardır. Bəzi hallarda isə müqavilə müddətinin bitməsinə baxmayaraq, icarədarlar meşə ərazisindən çıxmaq istəmir, torpaqdan "beşəlli" yapışır, deyir ki, bu ərazi mənimdir".