Həddən artıq yatmağın maraqlı açıqlaması


Digərləri 28 Dek 2017 21:25:00 315 0

Həddən artıq yatmağın maraqlı açıqlaması

21-ci doğum günüdən az keçməmiş Henry Nicholls özündə narkolepsiya simptomlarını aşkarlayır.

Bunun səbəbini anlamaq üçün çıxdığı yol onu füsunkar hekayəli bir elmi araşdırmaya gətirib çıxarıb.

İlk işlərimdən biri şirləri gözətləmək idi.

Bəzi işlər var ki, narkolepsiyadan əziyyət çəkən və müalicə almayan insanlar üçün deyil. O vaxt 22 yaşımda idim və yenicə zoologiya fakültəsini bitirmişim.

Cənubi Afrikada Kalaxari Səhrasında surikatları öyrənirdim.

iz cütlüklər şəklində işləyirdik.

Birimiz ayaqla surikatlarla gəzir, digərimiz Jeep maşını sürərək ətrafda şir olub-olmadığını yoxlayırdıq.

Mən dəfələrlə alnımda sükan izi ilə ayılır və həmkarım və surikatların gözdən itdiyini görürdüm.

Həyat izi axtara-axtara qalardım. Qorxu basdıqca artıq ölüm izini axtarmağa başlayardım. Heç kimə heç nə olmadığına görə indi bu hekayəni belə rahat nəql edirəm.

Heç də həmişə bu cür olmamışam. Həyatımın ilk 20 ilini yuxu ilə sağlam münasibətim olub.

21 yaşımdan az sonra narkolepsiya simptomlarını sezməyə başladım. Nə qədər nadir olsa da, bir o qədər də qəribə sayılmayan bu pozğunluq dünyada hər 2500 nəfərdən birində var.

Norkolepsiya haqqında hamının bilməli olduğu bir şey var: nəzarətsiz yuxu ilə müşayiət olunur.

Həqiqətən də belədir, amma adətən bu cür insanlar katapleksiya (əzələ gücünün itməsi), sayıqlamalar, yuxu iflici, qorxulu qarabasmalar və paradoksal səslənsə də qırıq-qırıq gecə yuxusundan əziyyət çəkirlər.

Müalicəsi də yoxdur. Hələ ki. 1995-ci ildə Kalaxaridə bu simptomlar mənim üçün yeni bir şey idi. Yuxuya qarşı heç vaxt bitməyən döyüşümün sonu hər dəfə məğlubiyyətlə bitirdi.

Bir neçə ailə həkimimiz xəstəlik haqqında eşitsə də, belə xəstələri olmamışdı.

Bəzi nevroloqlar nəyi izləmək gərəkdiyini bilirdi, amma bir çoxu bilmirdi. Hətta yuxu mütəxəssisləri belə, pozğunluğun anidən fəaliyyətə keçməsini izah edə bilmirdilər.

20 il ərzində çox şey dəyişib. Narkolepsiyanı yaradan amil haqqında isə elm böyük bir yol qət edib. Belə ki, bunun avtoimmun hücumdan yarandığı düşünülür.

Bədənin immun sistemi yuxarı tənəffüs infeksiyasını düzgün idarə edə bilmir və səhvən beynin mərkəzindəki təxminən 30 min neyronu silir.

100 milyard hüceyrədən ibarət olan orqanizm üçün bu narahatedici bir haldır.

Amma bunlar adi hüceyrələr deyillər. Həmin hüceyrələr kiçik, təkamülü qədim və ayıqlıq ilə yuxu arasında bədənin bir çox əsas əməliyyatlarını tənzimləyən son dərəcə mühüm tərkib olan hipotalamusda yerləşirlər.

Sözügedən hüceyrələr həm də beyinin oreksin (hipokretin kimi də bilinir) daşıyan yeganə hüceyrələridir.

Bu peptid cütləri haqqında - amin turşusunun qısa zənciri - mənə diaqnoz qoyulduğu 1995-ci ildə heç kim bilmirdi.

Narkolepsiyanın ən pis simptomlarının qarşısını almaq üçün dərmanlar olsa da, onların heç biri bu beyin zədəsini tam müalicə etməyə qadir deyil.

İki kimyəvi maddə çatışmazlığının yaratdığı simptomlar isə son dərəcə qəribədir.

Problemlərimin cavabı əslində çox sadədir: beynimə oreksinlər (və ya oxşar maddələr) yeridilməlidir.

Bəs niyə hələ də gözləyirəm? 1972-ci ilin aprelində bir pudel iti dörd bala verir.

Bu sevimli küçüklər çox keçmədən bir neçə ailə tərəfindən götürülür. Amma onlardan biri, gümüşü-boz rəngli Monique-də qəribə hallar baş verir.

O, oynadığı yerdə anidən yarım-iflic olurdu: ayaqları zəifləyir, yanları yerə düşür və gözləri bərəlmiş şəkildə qalarmış.

Bəzən isə xüsusilə də yemək zamanı Monique tam iflic halına düşərmiş.

Saskatchewan Universitetinin baytarları bunları katapleksiya kimi qiymətləndirirlər, amma eyni zamanda katapleksiya ilə müşayiət olunan narkolepsiya ehtimalını da düşünürlər.

Monique-in diaqnozu, California-da yerləşən Stanford Universitetinin yuxu mütəxəssisi William Dement yeni bir nəzəriyyəsinin yaranması ilə eyni vaxtda qoyulmuşdu.

O, narkoleptik itlər axtarırdı və Saskatchewan Universitetinin baytarları dərhal Dement-ə məktub yazırlar.

Monique-in sahiblərini razı saldıqdan sonra, onu California-ya necə aparmaq məsələsi qalırdı.

Mən hazırda 89 yaşı olan Dement ilə görüşdüm.

O, bir neçə ilə əvvəl təqaüdə çıxıb və Stanford universitetinə çox yaxın bir məhəllədə yaşayır. Onun ofisi evinə bitişik böyük bir tikilidir.

Divarları taxtadandır və yuxu təbabətinə aid çərçivəyə alınmış afişalar, şəkillər və müxtəlif xatirələrlə doludur. Bütün bunların arasında su tapançası da var idi.

Onun burada nə işi olduğunu soruşuram.

"Bu, tələbə dərsdə yuxuya dalarkən lazım gəlirdi," o, 1970-ci illərin əvvəllərində yuxu və röyalarla bağlı məşhur mühazirələrinə nəzərən izah edir.

1973-cü ildə Dement, Western Hava Yollarına müraciət edir və Monique-in Saskatchewan-dan San Francisco-ya gətirilməsini xahiş edir. Onların ciddi 'xəstə itlər olmaz' siyasəti var idi.

"Bu xəstə it deyil. O, beynin anormallığı olan bir itdir," Dement onlara başa salır. "Bu, mühüm xəstəliyin bir modeli olan heyvandır."

Sonda azca siyasi vasitəçiliklə Dement aviaşirkəti yola gətirə bilir. San Francisco-da isə Monique məşhurlaşır.

"Monique çox sevdiyi yeməyi yeyərkən və ya yeni bir çiçək qoxlayarkən yıxılır," Dement-in həmkarı Merrill Mitler Associated Press-ə verdiyi və ABŞ-da onlarla qəzetdə dərc olunan müsahibəsində deyib.

"Biz, narkolepsiya yaradan disfunksiyanın beyinin hansı hissəsində olduğunu tapacağımıza ümid edirik," Monique Stanford-da gəldikdən sonra, Mitler demişdi.

"Bu, əlaca gedən ilk addım ola bilər."

Hazırda Washington-da yorğunluq nəticəsində baş verən qəzalar üzrə məhkəmə eksperti olan Mitler-dən narkolepsiyanın kəşfinin uğurlu olub-olmadığını soruşuram.

"Sözdə hə," o deyir.

"70-ci illərdə biz narkolepsiya haqqında bilmədiklərimizdən agah deyildik."

Monique üzərində araşdırmanın nə dərəcədə uğurlu olacağını bilmək mümkün deyildi.

Həmin anda plan, heyvanlardan istifadə edərək müalicə üçün yeni dərmanları sınamaq və beyində fiziki dəyişiklik baş verərsə, ondan nümunə götürüb yoxlamaq idi, Mitler etiraf edir.

Onların işi haqqında məlumatlar yayılır və Dement və Mitler daha bir neçə narkoleptik it axtarmağa başlayırlar.

Tapdıqları itlərin bəzi növlərində narkolepsiya digərlərindən daha ümumi hal idi.

Bu da xəstəliyin genetik çatışmazlıq fərziyyəsini irəli sürməyə əsas verirdi.

Bir müddət sonra onlara bir xəbər çatır: təxminən yeddi yeni doğulmuş Doberman küçüyündə narkolepsiya və katapleksiya müşahidə olunub.

"24 saat ərzində küçüklərin ən böyüyündən ən balacasına qədər özündən getməsinin şahidi olduq," Mitler deyir.

Labradorlar və Dobermanlarda çatışmazlığın irsi olduğu üzə çıxır.

Dement Dobermanlar üzərində işləmək qərarına gəlir və 1970-ci illərin sonuna qədər narkolepsoyanın bir genin ötürülməsi nəticəsində yarandığını müəyyənləşdirir.

Mən Monique dünyaya gəldiyi il - 1972-ci ildə ana bətninə düşmüşəm. Mənim bir hüceyrəm bir genin (HLA_DQB1*0602 kimi bilinir) xüsusi versiyasını irsi olaraq götürüb.