Yetmiş yaşını tələbələri ilə qeyd edən sənətkar


Digərləri 26 Dek 2017 22:11:00 264 0

Yetmiş yaşını tələbələri ilə qeyd edən sənətkar

Dekabrın 26-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli pianoçu, Akademiyanın rektoru, Xalq Artisti, Dövlət mükafatı laureatı, "İstiqlal" ordenli, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi və başqaları çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Bildirilib ki, Bakıda görkəmli rejissor, Azərbaycanın Xalq Artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa vaxtda şöhrət qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiya və başqa ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəylinin gənc ifaçıların yetişməsində böyük xidmətləri var.

Sonra Xalq Artisti Fərhad Bədəlbəyli səhnəyə dəvət olunub. Yubilyara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub.