Keçmiş sədrin qohumundan icra başçısının oğluna qarşı dələduzluq


Digərləri 22 Dek 2017 19:00:00 269 0

Keçmiş sədrin qohumundan icra başçısının oğluna qarşı dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qoşqar Zeynalov ifadə verib.

O bildirib ki, R. Hüseynovla qohumluq əlaqələri olub. Zərərçəkmiş deyib ki, R. Hüseynov ona iş qurmaq haqda təklif verib: "Mənə dedi ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul lazımdır. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Mən də dedim ki, hazırda məndə pul yoxdur, ancaq mən dostumdan alıb verərəm. Bu yolla ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm".

Zərərçəkmiş qeyd edib ki, ona vurulan ziyan 3 milyon 925 min manat təşkil edir.

R. Hüseynov deyib ki, Q. Zeynalova gələn gəlirlərdən 3 milyon 200 min manat pul verib.

Q. Zeynalov isə qeyd edib ki, bu miqdarın yalnız 1 milyon 200 min manat təşkil etdiyini deyib.

Sonra zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Rəna Məmmədova vəsatət verərək, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz olunması haqqında vəsatət verib.

Məhkəmə vəsatətə növbəti prosesdə baxılacağını deyib.

Proses dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Q. Zeynalov Tovuz rayon İcra Hakimiyyətinin başçısı  Tofiq Zeynalovun oğludur.