Gələn il Bakının nəqliyyat sistemində bir çox YENİLİKLƏR olacaq MÜSAHİBƏ


Digərləri 18 Dek 2017 07:48:00 325 0

Gələn il Bakının nəqliyyat sistemində bir çox YENİLİKLƏR olacaq  MÜSAHİBƏ

Paytaxtın avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi iki ildir ki fəaliyyət göstərir. Bu müddət ərzində qurum Bakının nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün kifayət qədər işlər görüb. Son.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qurumun bu vaxta qədər gördüyü işlər və planlaşdırılan tədbirlərlə bağlı Trend-in suallarını cavablandırıb:

- Bakı Nəqliyyat Agentliyi fəaliyyət göstərdiyi iki il ərzində hansı işləri görüb?

- Bakı Nəqliyyat Agentliyinin işi yalnız nəqliyyat deyil. Yollardakı tıxac məsələləri, piyada-sərnişin təhlükəsizliyi də bizim işimizdir. Biz bu problemləri aradan qaldırmaq istəyirik. İki il ərzində avtobuslarla sərnişindaşıma sahəsində sahibkarlarla tam şəffaf platforma quruldu və hazırda işlər davam etdirilir.

İctimai nəqliyyat çox mürəkkəb məsələdir və bunu dərhal həll etmək olmur. Vaxtilə bu məsələ düzgün qurulmayıb. Vətəndaşlar öyrəniblər ki, avtobus onun qapısında saxlamalıdır. İndi bu sahə nizamlananda problemlər yaşanır. Sərnişinlərin də haqlı olduğu məqamlar var. Məsələn, sərnişinlər tələb edir ki, avtobuslar yenilənməli, müasir avtobuslar olmalıdır və bu tələblərində də haqlıdırlar. Biz bu dövr ərzində ilk olaraq marşrutlardakı avtobusları yeniləri ilə əvəz etməyə başlamışıq. Artıq bir sıra marşrutlar üzrə avtobuslar yenilənib, avtobusları yeniləməyən daşıyıcılar dəyişdirilib. Bu yaxınlarda 17 saylı marşrutdan şikayətlər var idi və biz həmin marşrutun daşıyıcısını dəyişib "BakuBus" MMC-yə verdik. Düzdür, "BakuBus" marşrutlarından da şikayətlər var, xüsusən interval, gecikmə məsələsində. Biz bunu da aradan qaldırmaq istəyirik. Vətəndaşların şikayətləri tam diqqətlə araşdırılır və dərhal tədbir görülür.

- Şikayətlərdən söz düşmüşkən, sərnişinlərin əsas şikayətləri nə ilə bağlıdır?

- Əsas şikayətlər ətraf qəsəbələrə gedən marşrut avtobuslarındandır. Bu marşrutlardakı avtobuslarda təmizlik yoxdur, sürücülər sərnişinlərlə çox kobud davranırlar. Biz bu müraciətləri dərhal araşdırıb tədbir görürük. Bu problemlər öz araşdırmalarımız zamanı da üzə çıxır və mərhələli şəkildə qarşısını alırıq. Etiraf edək ki, üç il əvvəllə müqayisədə indi böyük dəyişiklik var. İki il ərzində 800-dən artıq marşrut avtobusu təmir olunub. Əvvəllər avtobusların hamısı reklamla örtülürdü, yəni avtobusların əzilən yerlərini ört-basdır etmək üçün həmin yerlərə reklam vururdular. Bu halları qadağan etdik. Hazırda məlumat var ki, bəzi avtobuslarda hələ də belə hallar qalır. Bununla bağlı da araşdırmalar aparılır və belə hallar tam aradan qaldırılacaq.

- Avtobusların gediş haqqının kartla ödənilməsi sisteminə keçməsi prosesi nə yerdədir?

- Bununla bağlı işlər davam etdirilir. Bizim planımız belədir ki, 2018-ci ilin ortalarına qədər əlavə olaraq 700-ə yaxın avtobus da kart sisteminə keçsin. Kart sisteminə keçid o qədər də asan iş deyil. Bunun həm texnoloji, həm də inzibati məsələləri var və bu proses mərhələli olmalıdır. 700 avtobus kart sisteminə keçdikdən sonra artıq çox ciddi dəyişiklik olacaq. Sürücülər "plan" sistemi ilə işləməyəcəklər, sərnişinləri yalnız dayanacaqlarda götürəcəklər. Bizim də nəzarətimiz güclənəcək ki, avtobus marşruta nə vaxt daxil oldu, nə vaxt xətdən çıxdı və sair. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm. Hazırda avtobuslara GPRS quraşdırırıq, lakin sürücülər söndürürlər. Çünki hələ, belə demək mümkünsə, avtobus sürücüləri formalaşmayıblar.

- Yeri gəlmişkən, sürücülərin təlimlərə cəlb edilməsi ilə bağlı vəziyyət nə yerdədir?

- Bakı Nəqliyyat Agentliyinin nəzdində təlim mərkəzi yaradılıb. Bu vaxta qədər 622 sürücü həmin mərkəzdə təlimlərə cəlb edilib. Biz onlara avtobusla davranmağı, sərnişinlərlə münasibəti öyrədirik. Düzdür, sürücülərdə səhvlər olur, amma indi bəzi sərnişinlər də sürücülərə qarşı qəribə hərəkətlər edirlər, hətta onları vururlar. O insanlar düşünmürlər ki, sürücü iş başındadır, onunla kobud davranmaq olmaz. Bütün bunlara baxmayaraq, ümumilikdə bu gün sürücülərlə sərnişinlər arasında normal münasibət, səmimiyyət yaranıb.

Ümumiyyətlə, gələn il bütün sürücüləri təlimlərə cəlb etməyi planlaşdırırıq. Sürücü konkret marşrut xətti üzrə hazırlanmalı deyil, bütün marşrutları öyrənməlidir. Bunun üçün xüsusi simulyatorlar sifariş vermişik. Bakının bütün yollarının xəritələri hazırlanacaq. Simulyatorlar, həmçinin hava şəraitini, sürücünün hərəkətini, hansı yolda əyləcdən nə qədər istifadə etdiyini izləyəcək. Yəni insan amili buna təsir göstərə bilməyəcək. İmtahanda insan amilinin əməyi ortadan qalxacaq.

- Bakıda marşrut xətlərində köhnə avtobuslar hələ də qalmaqdadır.

- Mən Nazirlər Kabinetinin iclasında da bildirdim ki, marşrutlardakı avtobusların 50 faizi dəyişdirilməlidir. Bu məsələyə cənab Prezident özü də ciddi nəzarət edir. Gələn il ölkəyə 300-350 müasir avtobus gətiriləcəyi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil. Həmin nəqliyyat vasitələrinin bəzilərinin uzunluğu 18 metr olacaq. Bəziləri deyir ki, Bakı küçələri bu avtobusların hərəkəti üçün yararlı deyil. Əslində isə Bakının küçələri buna tam hazırdır. Biz araşdırma aparmışıq və məlum olub ki, bəzi Avropa şəhərlərinin küçələri Bakı küçələrindən dardır. Lakin orada sürücü-sərnişin münasibətləri normaldır, döngələrdə maşın saxlamırlar və. Həmin avtobuslar Bakıya gətiriləndən sonra şəhərin ictimai nəqliyyatında ciddi dəyişikliklər olacaq. Biz həmin avtobusları mərhələli şəkildə xətlərə buraxacağıq. Daha sonra Bakıətrafı qəsəbələrdə texniki nasaz olan avtobusları yeniləyəcəyik. Yeni avtobuslar marşrutlara buraxılandan sonra hazırda istifadədə olan avtobuslar yollarına uyğun olaraq qəsəbə marşrutlarına veriləcək.

Bir sıra ətraf qəsəbələrdən başqa, bu gün Yeni Yasamalın yolu və orada qurulan nəqliyyat infrastrukturu çox bərbad vəziyyətdədir.

- Paytaxtda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi yaradıldı və bu, həmin istiqamətdə marşrutların pərakəndə halda saxlamasının qarşısını aldı. Ümumiyyətlə, Bakıda bu cür mərkəzlərin sayının artırılmasına ehtiyac var.

- Bəli, ilin sonuna qədər "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzini sərnişinlərin istifadəsinə verəcəyik. Bu mərkəz "Azadlıq prospekti" metro stansiyasının qarşısındakı qarışıqlığı, pərakəndəliyi aradan qaldıracaq. Bu mərkəzlərin sayəsində hərəkətə maneçilik törədən dayanacaqları ləğv edirik. Dayanacaqların ləğv edilməsi də asan məsələ deyil. Bu, infrastruktur məsələsidir. Artıq biz bir çox dayanacaqların yerlərinin dəyişdirilməsi üçün təkliflər vermişik. Döngələrdə, körpülərin altında, dairələrdə, geridönmələrdə dayanacaqlar var, cipsiz dayanacaqlar var. Biz bunların hamısını təkmilləşdirməyə çalışırıq.

Gələn il üçün Zabrat, Binəqədi, Mərdəkan, Qala, Bakıxanov və Zığ qəsəbələrində kiçik nəqliyyat mübadilə mərkəzləri yaradılacaq. Ətraf qəsəbələrdə mərkəzlər olanda nəqliyyatın mərkəzlə əlaqələndirilməsi daha yaxşı təşkil olunacaq. Bu, həm sərnişinlər üçün rahat olacaq, həm də şəhərin tıxac problemi müəyyən qədər aradan qalxacaq.

Görəcəyimiz işlərdən biri də yol infrastrukturudur. Bakı Nəqliyyat Agentliyi yol infrastrukturu ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına 10-a yaxın təklif göndərib. Həmin təkliflər əsasən yol kəsişmələri ilə bağlıdır. Bunlar Yusif Səfərov küçəsinin 28 May və Nizami küçələri ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi, Yusif Səfərov küçəsi ilə Fəzail Bayramov küçəsində geriyə dönmə yerinin təşkili, Təbriz küçəsi ilə İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində sola dönmələrin ləğv edilərək nəqliyyat şəraitinin yaxşılaşdırılması, Bakıxanov qəsəbəsində Sakit Qocayev küçəsində müvafiq yol nişanlarının, işıqforun quraşdırılaraq yol hərəkətində dəyişikliklərin edilməsi, Heydər Məscidi ətrafında - İlqar Cümşüdov və Həmzə Babaşov küçələrində müvafiq yol nişanlarının, eyni səviyyəli piyada keçidlərinin quraşdırılması, yol hərəkətində müəyyən dəyişikliklərin edilməsi, 189 və 190 nömrəli məktəblərin ətrafında yol hərəkətinin yenidən təşkili, "Yol 1" layihəsi çərçivəsində Tbilisi prospekti ilə Akademik Həsən Əliyev və Şəfaət Mehdiyev küçələrinin kəsişməsində yol hərəkətinin yenidən təşkili, Mətbuat prospekti ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində tıxac hallarının qarşısının alınması məqsədilə dəyişikliklərin edilməsi, "İdeal yolayrıcı"nın yaradılması (ilkin olaraq A.Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində), kəsişmələrdə "Sarı qutu"nun tətbiq edilməsidir.