“Bizim nəsildə belə şey olmayıb” Arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı


Digərləri 17 Dek 2017 16:08:00 275 0

“Bizim nəsildə belə şey olmayıb”  Arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı

Arvadını mobil telefon işlətdiyi və başqa şəxslə danışdığı üçün bıçaqlayan şəxsin şikayəti qismən təmin edilib. Onun cəzası azaldılıb.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, arvadını bıçaqlamaqda təqsirləndirilən Anar Mustafayev yenidən hakim qarşısına çıxarılıb. A.Mustafayevə qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən A.Mustafayev apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

İttihama əsasən A.Mustafayev 1986-cı il təvəllüdlü arvadı Tünzalə Mustafayevaya mobil telefondan istifadə etməsinə icazə vermədiyi halda, sonuncunun kənar şəxsdən telefon aldığından şübhələnib və kirayədə yaşadıqları evin hamamında telefonla danışdığını görüb.

Telefonu onun əlindən alıb və kiminlə danışdığını soruşub. Tünzalə Mustafayeva iş yoldaşı ilə danışıb, sabah işin olub-olmayacağını soruşduğunu deyib. Amma Anar Mustafayev buna inanmayıb və telefonu Tünzalənin əlindən alıb. Onun telefonda tanımadığı kişi ilə danışdığını bilib və onu hədələyib.

Tünzalə Mustafayeva qorxaraq 11 yaşlı qızı ilə qonşuluqdakı ev sahibinin yanına qaçıb. Həmin gecə oradanda azyaşlı qızı ilə naməlum istiqamətə gedib. Anar Mustafayev isə 14 və 10 yaşlı oğlanlarını götürərək Şamaxı rayonuna gedib.

Daha sonra arvadının fəhlə işlədiyi Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən kərpic sexində olduğunu öyrənib və oraya gedib.

İttihama görə, A.Mustafayev qısqanclıq zəminində arvadını qəsdən öldürmək qərarına gəlib və sexə yollanıb. A.Mustafayev azyaşlı qızını otaqdan çıxardıqdan sonra arvadına bir neçə bıçaq vurub. Səsə gələn fəhlələr A.Mustafayevi otaqdan çıxarıb və yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra qızını götürərək polis bölməsinə gedib və təslim olub.