Xoş sifətləri sevməyən ağır təbiətli Müller FOTO


Digərləri 17 Dek 2017 08:22:00 313 0

Xoş sifətləri sevməyən ağır təbiətli Müller  FOTO

Leonid Bronevoy: “Aktyorluq kişi üçün dəhşətli peşədir, çünki ürəyə yatmaq, xoşa gəlmək qadın xislətidir”

Leonid Bronevoy: "Aktyorluq kişi üçün dəhşətli peşədir, çünki ürəyə yatmaq, xoşa gəlmək qadın xislətidir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Sakitcə qocalmaq və ləyaqətlə ölmək lazımdır". Son müsahibəsində belə söyləyən Leonid Bronevoy vəfat etdi. "Leonid Sergeyeviç istənilən rolu ürəyindən, qəlbindən keçirirdi" - deyə Valentin Qaft xatırlayır: "Ona görə də əfsanəvi aktyorun ürəyi tab gətirmədi". Rusiya prezidenti Vladimir Putin aktyorun ölümü ilə bağlı başsağlığı verib: "Bronevoyun ölümü "Lenkom" teatrı və bütün ölkə mədəniyyəti üçün böyük itkidir".

Rusiya mətbuatı aktyorun ölümü haqda yazır: "Tanımadığın insan dünyadan köçəndə təəssüflənirsən. Ancaq bütün şüurlu həyatın boyu səninlə bərabər olan bir insan həyatı tərk edəndə, bunu şəxsi ağrın kimi hiss edirsən. Sözsüz ki, bu gün bir çox tamaşaçılar - Leonid Bronevoyu sevənlər həmin ağrılı hissləri keçirirlər..." 

Aktyorun uzun illər çalışdığı "Lenkom" teatrının direktoru qeyd edir: "Axır vaxtlar Leonid Bronevoy ağır xəstələnmişdi. Təəssüf ki, biz onu itirdik. Bu günlərdə isə onun 88 yaşı tamam olacaqdı".

L.Bronevoyun ağır təbiəti vardı. Müsahibə verməyi o qədər də xoşlamırdı. Sözü üzə sərt deyirdi. Ancaq onu bağışlayırdılar - istedadına görə, müstəsna yumor hissinə görə...  Onun sərt həqiqətinin işin xeyrinə olduğunu da bilirdilər. Bronevoyun baxışından yayınmaqdansa, onun yaxşı sözlərinə layiq olmağa çalışırdılar. "Bu gün artıq o, həyatda yoxdur. Səhnədən, teatrın divarları arasından guruldayan o səsi daha eşitməyəcəyik. Buna inanmaq olmur. Onun həyat, insanlar haqında düşüncələri bizə lazım idi" - deyə sənət dostları kədərlərini bölüşürlər. "Lenkom"un aktrisası Yelena Şanina "insan ömrünün sona yaxınlaşması bəzən öncədən məlum olur" - deyə xatırlayır: "Leonid Sergeyeviç qəfildən teatrın sürücüsündən ona dondurma almağı xahiş etdi. Bu, sadə, uşaq arzusu idi. Arxada çətin, əzablı günlər qalmışdı, indi isə sadəcə dondurma arzusu vardı. Bizim keçmiş direktor ölümündən qabaq qızardılmış kartof, Çexov isə şampan şərabı istəmişdi. Leonid Sergeyeviç isə dondurma..."

88 yaşlı L.Bronevoy uzunmüddətli xəstəlikdən vəfat edib. O, düz bir ay Moskva xəstəxanasında ölüm-olum mübarizəsi aparıb. "Leonid Sergeyeviç çoxdan xəstə idi. Hər dəfə də müalicəsi ilə bağlı vaxtı uzadırdı. Bir dəfə qastrol zamanı o, oteldə yıxıldı və çiynini sındırdı. 5 il əvvəl isə doğma Kiyevdə qastrol zamanı infarkt keçirib xəstəxanaya düşdü. Orada əməliyyat olundu, həkimlər onun həyatını xilas etdilər. Bu enerjisi ona bir neçə il bəs etdi. Hətta bundan sonra da Leonid hər axşam sevimli "Lenkom"un səhnəsinə çıxmaqda davam etdi" - deyə teatrın direktoru qeyd edir: "Sonra Leonid müalicəsini Moskva xəstəxanalarında davam etdirdi. Ayaqlarında problem yarandı. Nə etmək olar: yaş, xəstə orqanlar... Qışda evdən çıxanda ona şəpit geyinmək lazım gəlirdi. Çünki ayağına başqa ayaqqabı olmurdu".    Xalq düşməninin oğlu

L.Bronevoy 1928-ci il dekabrın 17-də Kiyevdə doğulub. Nüfuzlu yəhudi ailələrində olduğu kimi, onu da David Bertin adına Konservatoriyanın skripka sinfinə göndəriblər. Ancaq 8 yaşında həmin xoş həyat bitir. Atası inqilabdan sonra sovet hökumətində vəzifə sahibi idi. 1936-cı ildə Leonidin atası Solomon Bronevoy trotskiçilikdə günahlandırılaraq cəzalandırılır. Bundan sonra onun valideynləri ayrılırlar. "Valideynlərim kristal kimi təmiz insanlar idi. İndi bu cür adamlar tapmaq çətindir, hətta gülməli səslənir. Onlar işıqlı ideyalara, inqilaba inanırdılar. Atama "NKVD"-də işləməyi təklif etdilər. Anam ona "sən vəkillik xətti üzrə işlə. O zaman adamlar səni müdafiə edər. Ancaq "NKVD"-də səni başqa işlərlə məşğul olmağa məcbur edərlər. Sən də müdafiəsiz qalarsan" - deyə məsləhət görsə də, atam qulaq asmadı. 1935-ci ildə o, işdən qovuldu və həbs olundu. 1954-cü ildə atam azad olsa da, ailəsinin yanına qayıtmadı, Rostovda yaşadı. Atam 2003-cü ildə bəraət alanda, artıq həyatda yox idi. Təbii ki, atama görə bizim də həyatımız çətin keçdi... Mən təkcə müharibə dövrünün uşağı olmadım. Həm də repressiya illərinin sərtliklə əzdiyi uşaq idim. Bu acıları isə daha çox sonralar anlayacaqdım..."

Leonid Bronevoyun şöhrətə gedən yolu da asan olmayıb. O, aktyorluğa çarəsizlikdən gəlmişdi. Dəfələrlə öz pərəstişkarlarına "mən kinoda, teatrda təsadüfi adamam" deyirdi. Əslində diplomat və ya jurnalist olmaq istəyirdi. Amma Daşkənd Ali Teatr Məktəbi yeganə yer idi ki, orada valideynlər haqda anket doldurmaq lazım gəlmirdi: "Axı 1937-ci ildə atamı "xalq düşməni" adı ilə həbs etmişdilər. Nəticədə bütün ailə Kirov vilayətinə sürgün olunmuşdu. Yalnız 1941-ci ildə bizə qayıtmağa icazə verilmişdi. Hərbi vəziyyətə görə ailəmizi Qazaxıstanın Çimkent şəhərinə təxliyə etmişdilər. Burada mən 10 saylı məktəbdə oxudum və çörəkçi yanında şagird, kukla teatrının tikiş sexində fəhlə və s. işlərdə işlədim". 

L.Bronevoy 1950-ci ildə A.N.Ostrovski adına Daşkənd Bədii-Teatr İnstitutunu bitirdikdən sonra A.S.Puşkin adına Maqnitoqorsk Dram Teatrının aktyoru kimi səhnəyə çıxır. Sonra N.Qorki adına Orenburq vilayətinin Dram Teatrında işləyir. 1953-cü ildə V.İ.Nemiroviç-Dançenkonun adına Moskva Bədii Teatrının məktəb studiyasının 3-cü kursuna daxil olur. İki il sonra Qroznı Dram Teatrının aktyoru kimi çalışır. Daha sonra İrkutsk, Voronej, Moskva dram teatrlarında səhnəyə çıxmaqla 7 teatr dəyişir. 1988-ci ildən çalışdığı "Lenkom" Teatrı isə ömürlük həyatını bağladığı iş yeri olur. 


Xəbərə aid fotolar