Qambiya Rusiyaya aid "ada imperiyası" planını rədd edib


Digərləri 16 Dek 2017 19:11:00 354 0

Qambiya Rusiyaya aid "ada imperiyası" planını rədd edib

Afrikanın Qambiya dövləti Rusiyanın Sibir diyarından olan və Rusiya monarxiyasını bərpa etməyə çalışan biznesmenə ərazisinin bir hissəsini satmaq planları barədə xəbərləri təkzib edib.

Qambiya bildirb ki, Anton Bakov adlı Sibir biznesmeni ilə "heç bir memorandum imzalanmayıb".

Bu xəbər Qambiya prezidentinin vebsaytında dərc olunub.

Özünü "Romanovlar İmperiyasının" təmsilçisi və "baş kansler" kimi qələmə verən biznesmen Anton Bakov, Rusiya monarxiyasını bərpa etməyi qarşısına məqsəd qoyub.

Bu yaxınlarda Rusiyanın Yekaterinburq şəhərində mətbuat konfransı keçirən Bakov jurnalistlərə bildirib ki, Qambiya Bijol adalarına aid olan ərazidə Romanov İmperiyasının mikrodövlət formatında qurulması üçün süni ada yaradılmasına razılıq verib və bu barədə ikitərəfli sənəd də imzalanıb.

Dəyəri $60 milyon dollar (təxminən 102 milyon manat) olan layihə çərçivəsində süni adada St Nicholas adlı şəhərin salınacağı da nəzərdə tutulub, Rusiyanın Aif.ru nəşri xəbər verib.

Lakin Qambiya höküməti Anton Bakovla belə bir sənədin imzalanmasını təkzib edib.

Qambiyanın hökümət hüquqşünasları Romanovlar İmperiyasının "real dövlət olmadığından....beynəlxalq sazişlərdə iştirak etmək hüququna malik olmadığını" qeyd edib.

Qambiya prezidentinin vebsaytında bildirildiyinə görə, bu səbəbdən, Anton Bakovun planı rədd edilib.