İslam Əməkdaşlığı Təşkilatı niyə dünya səhnəsində sayılan güc deyil?


Digərləri 16 Dek 2017 19:07:00 365 0

İslam Əməkdaşlığı Təşkilatı niyə dünya səhnəsində sayılan güc deyil?

Tanınmış Britaniya jurnalisti Robert Fisk-in "The Independent" qəzetində dərc olunmuş məqaləsi "İslam Əməkdaşlığı Təşkilatı artıq dünya səhnəsində güc sayılmır" adlanır.

Fisk yazır ki, Donald Trump-ın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanımaq bəyanatı uşaq hərəkətinə nə qədər bənzəyirsə, müsəlman ölkələrinin bu bəyanata cavabı da bir o qədər sadəlövh səslənir. Məqalədə deyilir ki, İstanbulda bu həftə keçirilmiş sammitdə yenə də "səslərini çox eşitdiyimiz yorğun və qoca liderləri görürdük".

"Onlardan heç biri Fələstinin qoca və "fərsiz" prezidenti Mahmud Abbasdan nə daha kədərli, nə də daha tutqun görünürdü" -məqalədə deyilir.

Fisk yazır ki, "İstanbul sammitində 57 dövlət başçısı olmalıydı, lakin onlardan bəziləri ya Əlcəzair prezidenti Buteflika kimi komatoz vəziyyətdədirlər, ya da Yəməni bombalayan başqa ərəb dövlətlərinə söyüş yağdırmaqla məşğuldurlar".

"Və əlbəttə, bir də onlar beynəlxalq icmanı Şərqi Yerusəlimi Fələstinin paytaxtı kimi tanımağa çağırıblar. Mövcud olmayan və belə getsə, heç vaxt mövcud olmayacaq bir dövlətin paytaxtı kimi..." -jurnalist yazır.

Fiskin fikrincə, hətta öz adını da artıq iki dəfə dəyişmiş bu təşkilat və onun "kollektiv avtokratiyası" öz xalqlarına nə ümid, nə təşəbbüs, nə ədalət, nə də gələcək vəd edir.

Məqalədə deyilir ki, Amerika bu liderlərin "cəsarətindən" qətiyyən narahat deyil. Fiskin fikrincə, müsəlman ölkələri ciddi görünmək istəyirdilərsə, Birləşmiş Ştatlara qarşı diplomatik, hətta zəif də olsa, neft boykotu elan etməli idilər.

"Belə şeyləri onlar vaxtilə ediblər" -Fisk yazır.

"Amma indi bu baş verməyəcək, - məqalədə deyilir, - Səudlar Yəməni bombalayırlar və Amerikanı yox, Qətəri boykot edirlər, Ruhani dövlət başçısı statusuna bir azca yaxın olsa da, iranlılar səudların Livanda nələr edəcəyini güdürlər... Qəsdlərdən, sükutdan və iqtidarsızlıqdan, etnik təmizləmə təhlükəsindən danışan Livan prezidentinin özü keçmiş generaldır, hərçənd onun nitqi İstanbul sammitindəki ən yaxşı çıxış idi. Mahmud Abbas isə daha yaxşı olardı ki, Trump-ın qərarını Beynəlxalq Məhkəməyə verəydi. Amma Fələstin liderləri o qədər əzvaydırlar (və korrupsiyalı) ki, belə bir cəsarət heç yuxularına da girməz" -Fisk yazır.

Fisk qeyd edir ki, "problem də bundan ibarətdir". Onun fikrincə, Trump kimi ABŞ prezidenti ilə bacarmaq üçün ərəb ölkələrinə ciddi və cavan adamlar - beynəlxalq hüquqşünaslar, vasitəçilər, təcrübəli diplomatlar lazımdır ki, Yaxın Şərqin xalqlarını müdafiə edə bilsinlər: "Yerusəlimə və işğal olunmuş ərazilərə dair ciddi BMT qətnamələri var, amma biz bu barədə heç nə eşitmirik..."