ADU-da Beynəlxalq Ərəb Dili Günü qeyd edilib


Digərləri 15 Dek 2017 19:08:25 235 0

ADU-da Beynəlxalq Ərəb Dili Günü qeyd edilib

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Ərəb Dili Günü keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Ərəb Dili Günü keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, 2017-ci il-“İslam Həmrəyliyi İli” çərçivəsində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə keçirilən ərəb mədəniyyəti festivalında Fələstin dövləti, Səudiyyə Ərəbistanı, Mərakeş krallıqları, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Sudan və Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, həmçinin səfirliklərin nümayəndələri iştirak edib. Tədbirdən öncə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla ərəb dövlətlərinin təmsilçiləri ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən K.Abdulla Beynəlxalq Ərəb Dili Günü münasibətilə onları təbrik edib. Azərbaycanla ərəb ölkələrinin əlaqələrinin möhkəm olduğunu qeyd edən rektor bu münasibətlərin daha da inkişaf edəcəyinə inamını ifadə edib. ADU-da ərəbşünaslıq ixtisasının olduğunu bildirən K.Abdulla ərəb ölkələrindəki universitetlərlə Azərbaycandakı ali təhsil müəssisələrinin əlaqələrinin güclənməsinə zərurət olduğunu bildirib və əlavə edib ki, bu istiqamətdə diplomatik korpus nümayəndələrinin köməyinə böyük ehtiyac var. K.Abdulla ərəb dilinin möhtəşəm və qiymətli, o cümlədən “Qurani-Kərim”in dili olaraq müqəddəs dil olduğunu söyləyib. Ərəb dilinin öyrədilməsinin ADU-nun vacib istiqamətlərindən biri olduğunu deyən rektor bildirib ki, universitetdə çoxsaylı tələbələr ərəb dili ixtisası üzrə təhsil alır və bu dilin zənginliyinə nüfuz edir. K.Abdulla ADU-da bir çox dillərin, o cümlədən ərəb dilinin tədris olunmasının Azərbaycan Prezidenti İlham Əliyevin apardığı multikultural siyasətin bariz nümunəsi olduğunu qeyd edib. O, universitetdə ərəb dili ixtisasının genişlənməsi istiqamətində səfirlərin öz töhfələrini verəcəklərini deyib və onları "Səfir saatı" klubunda mühazirə oxumağa dəvət edib. Rektor tədbirdə Azərbaycanı sevən və dəstəkləyən səfirlərin iştirak etdiyini bildirib və onları təbrik edərək ölkələrinə əmin-amanlıq və firavanlıq arzu edib.